“Sabah” - 9 ilə yazılan qızıl tarix: Bildikləriniz və bilmədikləriniz

19:40 Sabah 112
“Sabah” - 9 ilə yazılan qızıl tarix: Bildikləriniz və bilmədikləriniz

“Sabah”ın çempionluğu bəlkə də Azərbaycan futbolu ilə yaxından maraqlanmayanlar üçün gözlənilməz oldu.

Amma ölkə futbolu ilə yaxından maraqlananlar üçün bu uğur heç də sensasiya deyil.

Niyə? Çünki “Sabah”da görülən işlərin klubu addım-addım bu uğura doğru apardığı aşkar görünürdü.

Bu il cəmi 9 yaşı olacaq “Sabah” artıq muzeyinə ikinci titulu apardı. Masazır təmsilçisi ötən il ölkə kubokuna yiyələnmişdi.

“Sabah”ın mayın 13-də analoji uğuru təkrarlamaq şansını nəzərə alsaq, bu say 2 yox, 3 də ola bilər.

Zarafat deyil, başqaları illərlə nənki titul, hətta avrokubok üzünə də həsrət qalır. “Sabah”sa bu ilki çempionluqla artıq ardıcıl 4-cü il avrokuboklara vəsiqə qazandı.

Heç şübhəsiz, bu çempionluq bir günün işi deyil. Çempionluğa gedən yolda bir neçə mühüm nüans rol oynadı. Bir-bir sadalayaq:

1. Əla infrastruktur: “Sabah” ötən ilin əvvəlindən yeni bazasına köçdü. Taleyin ümidinə buraxılmış, tərk edilmiş keçmiş “AZAL Arena” sıfırdan təmir olunaraq yenidən ölkə futboluna qazandırıldı. Artıq “Sabah” Futbol Mərkəzi adlandırılan bazanın süni ot örtüyü də təbii ot örtüyü ilə əvəzləndi. Baza təmirdən sonra ən yüksək standartlara çatdırılıb. “Sabah”ın futbolçuları müsahibələrində dəfələrlə “Sabah”ın bazasının ən yaxşı şəraitə malik olduğunu xüsusi qeyd ediblər. Bir çox klubumuzun adi məşq keçmək üçün belə düz-əməlli şəraiti olmadığını nəzərə alsaq, “Sabah”ın bu işi alqışalayiqdir.

2. Transferlər: “Sabah”ın peşəkar seleksiya xidməti var. Klubun skautları mövsüm boyu ən yaxşıları “Sabah”a cəlb etmək üçün dayanmadan çalışırlar. Paytaxt təmsilçisi həmişə səviyyəli yerli futbolçuların cəlb edilməsi baxımından digərlərindən yaxşı mənada fərqlənib. Amma bu mövsüm transfer çalışmaları əvvəlki illərdəki fəaliyyəti də üstələdi. Aron Maluda, Timoteuş Puxaç, Velko Simiç, Stiv Solvet, Akim Zedadka kimi futbolçuların transferi çempionluğa gedən yolda açar rolunu oynadı. Amma heç şübhəsiz, klubun əsas transferi baş məşqçi Valdas Dambrauskas oldu. Litvalı mütəxəssis qısa müddətdə Azərbaycana uyğunlaşdı və “Sabah”ı ölkə klubları üçün keçilməz bir qalaya, bir çoxunun qorxulu yuxusuna çevirməyi bacardı.

3. Gələcəyə yatırım: “Sabah”ın akademiyasının ölkədə ən yaxşılardan biridir. Görünən kəndə bələdçi lazım deyil. Hər şey göz önündədir. “Sabah” uşaq futboluna ən çox diqqət göstərən klubdur. Əsas komandada bu klubun akademiyasının yetirməsi olan Xəyal Əliyev özünü ən yaxşı şəkildə doğrultmaqdadır. Bundan əlavə, klubun transfer siyasətində də gənclərin yeri görünməkdədir. 20 yaşlı Aron Maludanı əvvəlcə kəşf edərək icarəyə götürmək, sonra isə onun transferini ucuz qiymətə həll etmək hər futbol idarəçisinin işi deyildi. Hələ Umarali Raxmonaliyevi demirəm. Bu il tarixində ilk dəfə dünya çempionatının final mərhələsində iştirak edəcək Özbəkistan yığmasına da dəvət alan Umarali bu gedişlə “Sabah”da dəyərini bir xeyli qaldıracaq. Bu cür gənc legionerlərin keçidi sabah onlar getsələr belə kluba çox böyük qazanc gətirə bilər.

4. Media və marketinq işi: Klub media-marketinq fəaliyyətində də öncüllərdəndir. “Sabah”ın sosial şəbəkə paylaşımları nəinki sıravi futbol azarkeşlərində, hətta rəqiblərində də xüsusi simpatiya, rəğbət yaradır. Bu da klubun geniş kütlə tərəfindən sevilməsinə, maraq oyatmasına səbəb olur. Bunun üzərinə komandanın uğurlu nəticələrini, baxımlı futbolunu da gəldikdə stadionda “Qarabağ”la oyunlardakı kimi möhtəşəm mənzərə yaranır. Bu iki komanda arasında “Bank Respublika Arena”da baş tutmuş son oyunda tribunalarda iynə atsan yerə düşməzdi.

Bu siyahını bir qədər də uzatmaq olar. Amma “Sabah”ın çempionluğa gedən yolda ən əsas maneələrdən birini qeyd etməmək olmaz.

Klub uğurları sıraladıqca, əsas rəqiblərini sıradan çıxardıqca bu komanda, klubla bağlı olmazın iddialarına şahid olduq. Bəziləri sanki “Sabah”ın çempionluğunu həzm edə bilmir, müxtəlif şayiələrlə komandanı gözdən salmağa çalışırdı.

Amma həyatda ilahi ədalət deyilən bir məhfum var. Bu iddialar klubu bir qədər də gücləndirdi. Sonda haqq-ədalət öz yerini tapdı.

Bu gün Azərbaycanın ən güclüsü cəmi 9 yaşı olan “Sabah”dır. Klub bununla rəqiblərinə master-klass keçdi. Doğrudan da digər klubların “Sabah” rəhbərliyindən öyrənəcək çox şeyi var.

Ən əsası - cəmi 9 ilə necə belə uğurlu və peşəkar klub formalaşdrımaq olar mövzusunda. Fikrimcə, “Sabah”ın keçdiyi yol bir çoxuna bu istiqamətdə “diplom işi” ola bilər.

Xəlil Sadıq

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti