Layiqli çempionluq !

21:20 Sabah 266
Layiqli çempionluq !

Yəqin razılaşarsınız, cari mövsümdə çempionluq adına ən real namizəd elə “Sabah”dır.

Sərgilənən oyun, sabitlik, məhsuldarlıq, sürət, intensivlik, seleksiya – müasir futbolun tələblərinə cavab verən hər şey tapmaq olar.

Başı Çempionlar Liqasına qarışan “Qarabağ” üç cəbhədə mübarizə aparmağa tam hazır deyildi. Və buna görə də çempionluq yarışında çiyinlərini vaxtından çox-çox əvvəl yerə qoydu.

“Kəpəz” və “Şamaxı” ilə səfər qarşılaşmalarında itirilən 5 vacib xalla qatar xoda düşmüşdüsə, “Sabah”la vacib oyundakı yenilgi ilə qapılar bağlandı, qatar getdi.

Klub tarixinin ən baxımlı komandası olan “Sabah” bu mövsüm könülləri oxşayan futbol nümayiş etdirməkdədir.

Kənardan baxan inanmazdı ki, bu kollektiv Azərbaycan Premyer Liqasında “Karvan-Yevlax”, “İmişli”, “Araz-Naxçıvan” kimi rəqiblərlə mübarizə apara-apara bu cür inkişaf edib.

Sözsüz, limitin aradan qaldırılması hər mənada işə yaradı. Amin Seydiyev, Elvin Camalov, Namiq Ələsgərov kimi yerliləri əsas heyətdə oynatmaq məcburiyyəti yerini 10-11 legionerli heyətə vermişdi. Sən demə, “Sabah” illərdir bunu gözləyirmiş – başdan-ayağa legionerli, amma ləzətli komanda.

Bu, heç bir halda bəhanə göstərilə bilməz. Adama deyərlər, şərtlər hamı üçün eynidirsə, “Qarabağ”, “Neftçi”, “Zirə”, “Turan Tovuz” da legionerləşib çempion olardı da.

Uğura gedən yolda baş məşqçi amilinin ciddi rolu var. Nəticə qazanmaq üçün alışıb-yanan Valdas Dambrauskas gedə-gündüz yatmayıb “Qarabağ”ın hegemonluğuna son qoymağın planlarını cızdı. Öncə öz komandasının, sonra rəqiblərin oyunlarını təhlil etdi, problemləri gördü, çıxış yolu axtarıb tapıldı, lazım olan tapşırıqları verdi. Yekunda Azərbaycan komandasında Avropa futbol modelini formalaşdırdı.

Və ən əsası, seleksiya işindəki uğurlu seçim. Litvalı çalışdırıcının razılığı ilə komandaya cəlb olunana Aaron Maluda, Velko Simiç və Timoteuş Puxaç çempionluqda son dərəcə vacib rol oynadılar, komanda üçün “açar” oyunçulara çevrilməyi bacardılar.

Hakimlər “dartdı”, kimlərsə “barmaq etdi”, ay nə bilim, daha nələr. Bu cür bəhanələr heç bir halda layiqli çempionluğa kölgə sala bilməz.

Bir komanda ki, mövsüm ərzində “Qarabağ” kimi rəqibinə bir dəfə də olsun uduzmadı, deməli, çempionluq haqqıdır.

Bura qədər gördüklərimiz jurnal idi. Bizi qarşıda daha maraqlı kino gözləyir – Çempionlar Liqası.

Ümid edək ki, “Sabah” Azərbaycanda göstərdiyi oyunu Avropa arenalarında da nümayiş etdirməklə ən pis halda Avropa Liqasına vəsiqə qazanıb, “Qarabağ”la birlikdə ölkəmizi ikinci dərəcəli klub turnirində layiqincə təmsil edəcək.

P.S.: “Sabah” çempionluğu rəsmiləşdirməyib. Bunun üçün qarşıdakı 5 oyunun 2-də qələbə qazanmaq bəs edir.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti