Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşləri çərçivəsində növbəti “Sabah” – “Qarabağ” duelinə şahidlik edəcəyik.
Aprelin 18-də bu komandalar arasında Premyer Liqanın 28-ci turunda baş tutan oyunda “Sabah” 1:0 hesablı qələbəyə sevinmiş, əvəzində bombardirin rəqib müdafiəçi Mateus Silva ilə mübarizədə zədələnməsinə üzülmüşdü.
Matçdan bir gün sonra klub yaydığı məlumatda Coy-Lens Mikelsin üz nahiyyəsində sınıq aşkarlandığını bəyan etsə də, futbolçunun son durumu barədə məlumat verilməmişdi.
Masazır təmsilçisinin mətbuat katibi Elnur Həmidov vacib oyundan öncə Sportinfo.az-a verdiyi açıqlamada 18 qolla Premyer Liqanın bombardirlər siyahısına başçılıq edən almaniyalı hücumçunun durumuna və “Qarabağ”a qarşı oynayıb-oynamayacağına aydınlıq gətirib:
“Bəli, Coy-Lensin üzündə sınıq müəyyən edilib. Buna baxmayaraq, hazırda məşqlərini fərdi şəkildə davam etdirir.
“Qarabağ”la kubok matçında yəqin ki, “23-lük”də olacaq. İlk dəqiqələrdən meydanda olub-olmayacağına dair qərarı baş məşqçi verəcək.
Növbəti turlarda meydana maska ilə çıxması ehtimal olunur”.
Aprelin 22-də “Bank Respublika Arena”da keçiriləcək oyunun start fiti saat 20:00-da çalınacaq.
HƏBİB

