Halal olsun, sənə yağlı bir “5”!

19:40 Sabah 143
Halal olsun, sənə yağlı bir “5”!

“Qarabağ”la “Sabah” arasında baş tutan növbəti oyunda qələbəyə sevinən tərəf Valdas Dambrauskasın komandası oldu.

Oyunsonrası mətbuat konfransında “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov rəqibi layiqli qələbə münasibəti ilə təbrik etməklə şübhələrə yer qoymadı.

Beləliklə, “Sabah” həmin gün ilk hissədə təhlükəli vəziyyətləri sıralayıb, lazım olan qolu vurdu, ikinci yarıda azlıqda qaldığına görə intizamlı müdafiə olunub vacib 3 xalı aktivinə yazdırdı.

Oyunun qəhrəmanı isə hüç şübhəsiz Elçin Məsiyev idi.

FİFA referisi qətiyyəti, doğru qərarları, jestləri ilə bir çox həmkarlarına master-klass keçdi. Göstərdi ki, istəyəndə ideal hakimlik etmək mümkündür. Həm də belə bir ağır oyunda, çempionluq uğrunda taleyüklü qarşılaşmada.

11-ci dəqiqədə cərimə meydançası daxilində Mateus Silva ilə Aaron Maluda arasında yaşanan epizodda baş hakim “Qarabağ”ın qapısına penalti təyin edəndə, Məsiyevin tələsik qərar qəbul etdiyini və VAR-a baxandan sonra 11 metrlik cərimə zərbəsini ləğv edəcəyini düşünənlər gümanında yanıldı.

Qətiyyətlə “nöqtə”ni göstərən referi qərarında haqlı idi deyə, VAR-a baxmağa ehtiyac duymadı.

47-ci dəqiqədə Abdulax Xaybulaevə birbaşa qırmızı vərəqə göstərməyə hər hakim cəsarət etməzdi. Epizod kifayət qədər çətin idi. Abdulaxın təcavüzkar davranışa, yoxsa ehtiyatsızlığa yol verdiyini dəqiqləşdirmək üçün qayda pozuntusuna dəfələrlə baxmaq gərəkirdi.

Məsiyev fitini səsləndirib əlini birbaşa “qırmızı”ya apardı. Bu dəfə də VAR-ın köməyinə ehtiyac duyulmadı. Çünki çətin vəziyyətdə “hadisə yerində” nəyin baş verdiyini görüb, ona uyğun düzgün qərar vermişdi.

Elçin ideal idarəçiliyi ilə göstərdi ki, qaydaları doğru-düzgün bilib, ədalətli davrananda Azərbaycan hakimliyi adına ortaya yaxşı iş qoymaq olur. Təki savadın olsun, qətiyyətli davranmağı bacarasan, qərəz və ya qorxu hislərindən uzaq durasan.

Deyir, yeziti öldür, haqqını ver.

Halal olsun, Elçin!

Göstərdiyin performansa görə sənə yağlı bir “5”!

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti