“Qarabağ”a 19 aydır həsrət çəkdirirlər - Çempionluğa layiqdirlərmi?

15:00 Sabah 155
“Qarabağ”a 19 aydır həsrət çəkdirirlər - Çempionluğa layiqdirlərmi?

Misli Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilən mərkəzi qarşılaşmada “Qarabağ” öz meydanında 0:1 hesabı ilə “Sabah”a uduzdu.

Gərgin keçən mübarizədə “bayquşlar” ilk hissənin sonunda, 45-ci dəqiqədə Abdulla Xaybullaevin vurduğu qol sayəsində minimal hesabla üstünlük qazandı.

Lakin ikinci hissənin elə 46-cı dəqiqəsində qolun müəllifi Coni Montiellə mübarizə zamanı kobudluğa yol verdi. Baş hakim Elçin Məsiyev epizodu qayda pozuntusu kimi qiymətləndirərək Xaybullaevi birbaşa qırmızı vərəqə ilə cəzalandırdı.

Buna baxmayaraq, meydanda 1 nəfər azlıqda qalan “Sabah” qapısını toxunulmaz saxladı və “Köhlən atlar” 45 dəqiqə ərzində bu say üstünlüyündən yararlana bilmədi.

Bu nəticə ilə Ağdam təmsilçisinin “Sabah” üzərindəki qələbə həsrəti daha da uzandı. Belə ki, “köhlən atlar” Misli Premyer Liqası və Azərbaycan Kuboku daxil olmaqla, ardıcıl 8 oyundur ki, “Sabah”ı məğlub edə bilmir.

Qurban Qurbanovun komandası “bayquşlar” üzərində sonuncu qələbəsini təxminən 19 ay əvvəl – 2024-cü ilin sentyabrında (3:2) qazanıb.

Həmin tarixdən bəri keçirilən bütün qarşılaşmalarda Masazır təmsilçisi “Qarabağ” üçün keçilməz rəqibə çevrilib.

"Sabah” hazırda 69 xalla turnir cədvəlinə başçılıq edir. “Qarabağ” isə 56 xalla ikinci pillədə qərarlaşıb.

“Sabah” çempionluq yarışında olduğu “Qarabağ”ı liqada 3 oyunun ikisində məğlub etməklə, üstünlüyünü isbatladı.

Digər 1 oyunda da “Sabah” son yarım saata 3:0 öndə girsə də, bəlkə də komandada yaranmış rahatlıq bu hesabı qoruyub saxlamağa imkan verməmişdi (3:3).

Hakimlik məsələsinə görə bəziləri tərəfindən liderliyi şübhə altına salınmağa çalışılan “Sabah”, bu matçda həmin iddiada olanlara “dərs” keçdi.

Valdas Dambrauskas fasilədən sonra - komandası meydanda azlıqda qalinca etdiyi əvəzetmələrlə taktiki baxımdan da qalib oldu.

Düzdür, hələ heç nə rəsmiləşməyib, amma bu “Sabah” hər cəhətdən çempionluğa layiqdir. Kimin nə deməsindən asılı olmayaraq.

Xəlil Sadıq

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti