“Sabah”ın çempionluğu əldən çıxa bilər – Bu açıqlamaya diqqət!

21:20 Sabah 560
“Sabah”ın çempionluğu əldən çıxa bilər – Bu açıqlamaya diqqət!

“Sabah”ın futbolçusu Abdullax Xaybulaev Sportinfo.az-a müsahibə verib.

Azərbaycan millisinə də cəlb olunan yarımmüdafiəçi komandasının “Qarabağ” üzərində qazandığı 1:0 hesablı qələbədən sonra sualları cavablandırıb.

- Çempionluq münasibəti ilə təbrikimi qəbul edirsən?

- Hələ tezdir. Daha 3 qələbə qazanmalıyıq ki, rəsmiləşsin. Hadisələri qabaqlamağın tərəfdarı deyiləm.

- Hansı komanda “Sabah”ı məğlub edə bilər ki?

- Özümüz-özümüzü saxlaya bilərik.

- Bu barədə düşünürsünüz?

- Bura qədər necə gəlmişiksə, bundan sonra da o şəkildə davam etmək istəyirik. Gücümüzə inanmalı, əzmkarlığı davam etdirməli, eyforiyaya qapılmamalıyıq. Bunlar etməsək, çempionluq əlimizdən çıxa bilər. Sona qədər döyüşəcəyik.

- Oyundan sonra yaşanan mənzərə - futbolçuların sevinci, qələbəni azarkeşlərlə qeyd etmək, paltardəyişmə otağındakı səs-küy çempionluq havasıydı sanki.

- “Qarabağ” olduqca güclü rəqibdir. Avrokuboklarda hansı komandaları məğlub etdiyini hamı gördü. Belə rəqib üzərində qələbə qazanmağln ləzzəti həqiqətən fərqli olur. Çempionatın ilk yarısındakı qarşılaşmada qələbə qazananda da belə atmosfer yaşanmışdı.

- Bəs azarkeşlərinizin “Sabah” çempion” şüarı?

- Buna doğru gedirik, yəqin ona görədir. Yavaş-yavaş çempionluğun qoxusu gəlir. Lakin hələ nəsə demək üçün tezdir. Qarşıda vacib oyunlarımız var.

- Vərəqəylə bağlı öncə baş hakimə, sonra dördüncü hakimə etiraz edirdin.

- Etiraz deyəndə ki, vəziyyəti başa salmağa çalışırdım. Deyirdim, o anda ayağımı hara qoymalıydım? Nə isə, futbolda belə hallar baş verir. Hakim “qırmızı” göstəribsə, hörmət etməliyik.

- Həm qələbə topunu vurdun, həm də komandanı azlıqda qoydun. Qəhrəman, yoxsa anti-qəhrəman?

- Hər ikisi (gülür).

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti