Hamının bildiyi cümləyə qoyulan son nöqtə - “Sabah” sübut etdi ki…

17:40 Sabah 186
Hamının bildiyi cümləyə qoyulan son nöqtə - “Sabah” sübut etdi ki…

“Qarabağ” – “Sabah” oyunu çox mətləblərə aydınlıq gətirməli idi.

Gərgin keçən marafonda kimin güclü olması ilə bağlı müxtəlif fikirlər ortaya atıldı.

Bəziləri “Qarabağ”ın hegemonluğunun sonunu bu komandanın ÇL-də çox güc xərcləməsi ilə bağladı, bəziləri də “Sabah”ın liderliyini legioner limitinin ləğvi ilə bağladı.

Bu oyun hər baxımdan söz-söhbətə son qoymalı idi. Artıq “Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırıb. Özü də bir ay öncə.

Yəni Ağdam təmsilçisi bu matçda yorğun olmasını, iki cəbhədə çatdırmamasını bəhanə gətirə bilməyəcəkdi. Üstəlik hər iki komanda meydana 10 legionerlə çıxmışdı ki, bu da limit məsələsində güclərin balanslı olduğunu göstərirdi.

Oyunun ilk hissəsi qarşılıqlı hücumlar şəraitində keçdi. Amma insafən ilk hissədə “Sabah”ın daha üstün olduğunu, daha real qol fürsətləri qazandığını qeyd etməliyik.

Elə təkcə “bayquşlar”ın ilk hissədə penaltini boşa verdiyini qeyd etmək kifayətdir. Sadəcə, “Sabah”ın həmişə dəqiq olan hücumçusu Coy-Lens Mikels bu dəfə qeyri-dəqiq oynadı.

“Qarabağ”ın təcrübəli qolkiperi Mateuş Koxalski almaniyalı hücumçunun fikrini “oxuya” bildi və zərbənin istiqamətini düzgün müəyyənləşdirərək onu zərərsizləşdirə bildi.

Penalti epizoduna gəldikdə isə qapıçı ilə təkbətək çıxan Aaron Maludanın üzünə zərbə olduğu aşkar görünürdü. Amma bu epizod qol olsaydı, heç bir səbəb olmadan “Sabah”ı hədəf göstərənlər yenə səbəbsiz hay-küy qaldıra bilərdilər.

Bu baxımdan bəlkə də Mikelsin penaltini vurmaması komandanın ziyanından çox xeyrinə oldu. Onsuz da qələbə sənin haqqındırsa o necə olsa gələcək.

O “necə”ni də komandanın yarımmüdafiəçisi Abdulla Xaybulayev həyata keçirdi.

Azərbaycan millisinin üzvü Kevin Medinanın səhvindən lazımınca yararlandı. Bununla da “Sabah” üstün olduğu ilk hissəni öndə tamamladı.

İkinci hissə başlayan kimi oyunun baş hakimi Elçin Məsiyev qolun müəllifi Abdulla Xaybulayevə şübhəli qırmızı vərəqə göstərdi.

Düzdür, Abdulla rəqib futbolçunun ayağını tapdalamışdı, amma dünya futbolunda hər belə tapdalama qırmızı vərəqə kimi dəyərləndirilmir.

Həm də epizodun təkrarında Xaybulayevin rəqib oyunçunun ayağını tapdalama niyyətinin olmadığı, rəqibin özünün sürüşmə fəndi ilə onun ayağına girdiyi aşkar görünürdü.

Amma sən saydığını say, gör hakimlər nə sayır. Məsiyev sanki ilk hissədə Abdulla Xaybulayevi “Qarabağ”a qol vurduğuna görə cəzalandırdı.
Xanoglan

Matçın 46-cı dəqiqəsində azlıqda qalan “Sabah”ın tezliklə qol buraxacağı nəinki qələbəni, hətta matçı xalsız başa vuracağı gözlənilirdi. “Qarabağ” kimi güclü rəqiblə səfər oyununda bir hissə azlıqda mübarizə aparmaq bir çoxuna hətta qeyri-mümkün görünürdü.

Amma Valdas Dambrauskasın oyuna müdaxiləsi “Sabah”ı vəziyyətdən çıxardı. Rəhman Daşdəmirov və Zineddin Uld Xaledi döyüşə atan litvalı mütəxəssis “Qarabağ”ın hücum imkanlarını maksimum zərəsizləşdirmiş oldu.

Ağdam təmsilçisi ikinci hissədə ərazi üstünlüyünə malik olsa da, azlıqda qalan rəqibinin qapısı önündə demək olar təhlükəli vəziyyət yarada bilmədi.

Oyunun 90+1-ci dəqiqəsində yenə baş hakim Elçin Məsiyev diqqət mərkəzinə düşdü. Mateus Da Silva və Mikels arasında olan ikili mübarizədə braziliyalı müdafiəçi “Sabah”ın hücumçusunun üzünə zərbə endirsə də, baş hakim davam qərarı verdi.

Bir neçə saniyə sonra isə oyunu dayandırmalı oldu. Mikelsin zədəsi ciddi olduğundan dərhal əvəzləndi. Oyun bitən kimi isə ambulansla klinikaya aparıldı.

Klubun bu gün rəsmi açıqlamasında Mikelsin üzündə sınıq aşkarlandığı qeyd edilib. Çox maraqlıdır ki, hətta rəqib futbolçunun üzündə sınıq yaradacaq dərəcədə kobudluğa da baş hakim nəinki qırmızı, heç cərimə zərbəsi belə vermədi.

Bu epizodda Mateusa qırmızı yox, sarı vərəqə verilsəydi belə, bu, "qırmızı"ya çevriləcəkdi. Çünki bu epizoda kimi Mateusun passivində artıq bir "sarı" var idi.

Ümumiyyətlə, ikinci hissədə Məsiyevin ilk hissədəki penaltinin təsiri altında olduğu, məhz buna görə fasilədən sonra bütün ikili mübarizələrdə “Sabah”ın əleyhinə fit çaldığını qeyd etməliyik.

Xəlil Sadıq

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti