“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyundan danışıb.
Sportinfo.az xəbər verir ki, o, 1:0 hesablı qələbəni belə şərh edib:
“Öncə komandamı təbrik etmək istəyirəm. Asan deyildi. Çox çətin rəqibə qarşı oynadıq. Biz bilirdik ki, bu gün bizim üçün çətin olacaq. Ən çox istəkləri həyata keçirən komanda biz idik. Komandamın verdiyi reaksiya xoşuma gəldi. Heç bir neqativlik göstərmədilər. İlk hissədə 1:0 öndə olmaq mənim komandamın haqqı idi. Çətin oyun idi, lakin komandam gözəl reaksiya verdi. Bu oyun məşqçilər heyətinə göstəriləcək oyundur. İstəyirik ki, bu turnirdən qələbə ilə ayrılaq və çempionluq təcrübəsi yaşayaq.
“Bu oyunda detallar haqda danışsaq, çox danışaram. Bu detalları həyata keçirmək üçün mənim üçün daha 2 əsas prinsip var. Birincisi oyuna ürəyini qoymaqdır. Sən çox şey deyə bilərsən, amma bunun önəmi olmayacaq.
İkincisi isə adlardır. Onlar adlarını, ailələrini təmsil edirlər. Bunlar hamısı mənim oyunçularımın əməyidir. Rəqib bu gün bizim heç bir oyunçumuzu keçə bilmədi. Mən futbolçularımla qürur duyuram.
Hazırda avrokuboklar haqda fikirləşmirik. Hansı komandalarla qarşılaşacağımızı heç bilmirik. Mən öncə öz oyunlarımızı, səhvlərimizi təhlil edirəm. Əgər Avropa səhnəsinə yol açılsa, o zaman, bu haqda ətraflı danışarıq”.
Baş məşqçi Coy Lens Mikelsin durumu və qırmızı vərəqə alan Abdulla Xaybullayev haqda bunu deyib:
“Mən hazırda heç nə bilmirəm, tibbi heyətlə danışmalıyam. Ciddi zədəyə oxşayır. Onu hazırda xəstəxanaya aparırlar.
Mən bunu həmişə qeyd etmişəm ki, Xaybullayev bizim üçün çox önəmli oyunçudur. O nəinki ürəyini, hətta, bütün bədənin qoyur. O bizə 100 faizi yox, 110 faizi verir. Çox səbrli oyunçudur. Uşaqlara da dedim ki, bizim üçün nümunəvi oyunçudur. 1-ci hissədə bizə kömək olsa da, ikinci hissədə bizə zərər verdi. Lakin yenə də o bizim üçün çox önəmli oyunçudur. Qırmızı vərəqələr, səhvlər, penaltilər oyunun bir parçasıdır”.

