“Qarabağ”la çarpışan “Sabah” bu dəfə itirdi, amma...

14:20 Sabah 187
“Qarabağ”la çarpışan “Sabah” bu dəfə itirdi, amma...

“Qarabağ”ın “Şamaxı” ilə oyunda xal itkisindən sonra bütün gözlər “Sabah” – “Zirə” oyununa çevrilmişdi.

Bu oyunda “bayquşlar”ın qələbəsi onları son çempiondan bir az da uzaq salacaqdı.

Amma “Zirə”nin də bu mövsüm iki dəfə uduzduğu rəqibə qarşı asan təslim olacağı gözlənilmirdi.

Rəşad Sadıqovun komandası liderlərdən çox uzaq düşsə də, arxadan “Neftçi”nin nəfəsi hiss etməyə başlayıb. “Ağ-qaralar” hər keçən tur “Zirə”yə bir az da yaxınlaşır.

16-cı dəqiqədə Coy-Lens Mikels hesabı açanda artıq bir çoxları “Sabah”ın “Zirə” ilə əvvəlki iki oyunda olduğu kimi matçda da rahat qalib gələcəyini düşünməyə başlamışdı.

Amma “qartallar” elə ilk hissədəcə hesabda önə keçərək nə özünün təslim olmayacağını, nə də çempionluq uğrunda mübarizənin ölməsinə imkan verməyəcəyini göstərdi.

Əvvəlcə Ruan Renato penaltidən hesabı bərabərləşdirdi. Bundan bir qədər sonra isə türkiyəli legioner Eren Aydın “qartallar”ı hesabda önə keçirdi.

İlk hissəsinin sonlarında “Zirə”nin futbolçusu İssa Cibrila “Sabah”ın cərimə meydançası yaxınlığında yerə yıxılanda bəziləri bunun penalti olduğunu düşündü.

Lakin epizodun təkrarında İssanın cərimə meydançasından kənarda yerdə qaldığı, ümumiyyətlə burada qayda pozuntusunun olmadığı bəlli oldu.

“Sabah”ın müdafiəçisi rəqib futbolçunu çox səliqəli zərəsizıləşdirmişdi. Epioz yaşanan anda “Zirə”nin məşqçilər korpusunda da bir hərəkətlilik olsa da, sonradan çox güman onlar da burada penaltinin “p”-nin də olmadığını görərək, etirazı dayandırdılar.

Təsadüfi deyil ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov da oyun sonrası mətbuat konfransında bu epizod barədə heç nə demədi.

Əks halda, Sadıqov komandasının iki penaltisinin verilmədiyi “Qarabağ”la oyundan sonra olduğu kimi öz haqlı iradını bildirərdi. Burada isə etiraz etməli bir şey yox idi.

Qayıdaq oyuna. İlk hissədə meydanda üstün tərəf olan, lakin bunu hesabda əks etdirə bilməyən “Sabah”ın üstünlüyü davam etdi. Valdas Dambrauskasın komandası dəqiqələr keçdikcə təzyiqi bir az da artırır, rəqibi səhvə məcbur edirdi.

Müdafiə xəttində səliqəli oynayan “Zirə” bu hücumlara tab gətirsə də, standart vəziyyətdən sonra yaranan bir anlıq boşluqda cəzalandı.

“Sabah”ın braziliyalı müdafiəçisi İqor Noqeyranı Timoteuş Puxaçın cərimə zərbəsindən dəqiq ötürməsini eyni dəqiqliklə tora göndərdi – 2:2.

Son dəqiqələrdə “Sabah” öz təzyiqini davam etdirsə də, “Zirə” matçda başqa boşluğa yol vermədi və matç elə sülhlə başa çatdı.

“Sabah” xal itkisi ilə “Qarabağ”dan bir az da uzaqlaşmaq şansını itirsə də, məğlubiyyətdən xilas olmaqla mövcud xal fərqini qoruyub saxlamağı bacardı.

“Qarabağ” derbi dəyərindəki növbəti matç öncəsi isə bu amil qızıl dəyərindədir.

Komanda xal itirsə oyun planında elə həmin “Sabah”dır. Dambrauskasın komandasında hər hansı geriləmə görünmür. Bu cür xal itkilərindən isə heç kim sığortalanmayıb.

Xəlil Sadıq

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti