"Sabah" fantastik mövsüm keçirir.
Valda Dambrauskasın yetirmələri son 16 turda cəmi 2 bərabərlik görüb.
Qalan digər matçlarda qələbələri sıraya düzüb.
Görüşlərinin əksəriyyətinin taleyini birnəfəsə, darmadağınla həll edib.
Bu "Sabah"ın avrokuboklarda da yaxşı nəticələr qazanmaq potensialı böyükdür.
Sonuncu dəfə "Qarabağ"dan savayı bu çapda yalnız "Qəbələ" olub.
Təbii ki, Premyer Liqada bu gücdə kollektivin peyda olması hamımızı məmnun edir.
Amma bir məqam həm də hamımızı narahat etməlidir.
"Bayquşlar"la tədricən yerli oyunçulara üz çevirməkdədir.
Məsələn, "Zirə" ilə son oyunda yerli statusda yalnız Aleksey İsayev əsas heyətdə yer almışdı. Hamımıza yaxşı məlumdur ki, İsayev də Rusiya futbolunun yetirməsidir və milliləşdirilib.
Xəyal Əliyevin bir dönəm parlaq çıxışı təsəlli yerimiz idi.
Artıq o da ehtiyat oyunçular skamiyasının daimi sakinlərinə çevrilib.
Düzdü, "Sabah"ın əsas komandasında yerli oyunçu azlığı diqqət çəkir.
Amma onu da deməliyik ki, uşaq futboluna ən çox yatırım edən klublarımızdan biri də məhz bu klubdur.
Rəhbərlik fundamentə diqqət ayırmağa yeni başlamayıb, illərdi bu işə sərmayə qoyulur.
Könül istərdi ki, həmin akademiyadan əsas komanda səviyyəsində ən azı 4-5 oyunçu yetişdirilsin.
Ki, bugünkü əzəmətli "Sabah" təkcə əcnəbilərin yox, gəlmələrlə yetirmələrinin vəhdətindən qurulmuş kollektiv olsun.
XANOĞLAN / SPORTİNFO.AZ

