"Heç bir komandanın köməyinə ehtiyacımız yoxdur"

21:10 Sabah 225
"Heç bir komandanın köməyinə ehtiyacımız yoxdur"

"Sabah" Misli Premyer Liqasının 27-ci turunda "Bank Respublika Arena"da "Zirə" ilə 2:2 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskar matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu gün həqiqətən də yaxşı oyun alındı. Azarkeşlər qollu oyuna şahid oldular. İlk dəqiqədən sonuncu dəqiqəyə qədər qalib gəlmək üçün mübarizə apardıq. 90 dəqiqə ərzində öz oyun prinsiplərimizə sadiq qaldıq. Topa daha çox nəzarət edirdik, daha çox pressinq edən, hücuma çıxan komanda biz idik. "Zirə"ni də təbrik edirəm. Yəqin ki, onlar bura 1 xal üçün gəlmişdilər. O xalı da əldə etdilər. Rəqibin yaxşı oyun planı var idi. Öz komandamı da təbrik edirəm. Ardıcıl üçüncü matçda ilk hissəfə hesabda geri düşsək də, özümüzdə cəsarət tapıb oyunu bərabərləşdiririk. Bu gün hər iki hissədə çoxlu qol fürsətlərimiz oldu. İkinci yarıda əlavə 3-4 dəqiqədə olsaydı, fərqlənə bilərdik. Bu gün bizim günümüz deyildi. Artıq bu oyunu unudub yolumuza davam etməliyik. Sabahdan etibarən "Qarabağ"la keçirəcəyimiz iki qarşılaşmaya hazırlaşmalıyıq.

- "Qarabağ"ın bu gün xal itirməsinin sizin oyununuza təsiri oldu?

- O barədə heç düşünmürəm. Çünki dominant tərəf biz idik. Sadəcə olaraq öz səhvlərimizə görə qollar buraxdıq. Bu səhvləri dərindən təhlil etməliyik. Rəqib birinci hissədə iki dəfə qapımıza gəldi və iki qol vurdu. Mövsüm ərzində az qol buraxırdıq. Nəyə görə qollar buraxdığımızı təhlil edəcəyik. Biz daha çox öz oyunumuza köklənirik. Onu da qeyd edim ki, heç bir komandanın köməyinə ehtiyacımız yoxdur. Digər komandaların nəticələrinə baxmırıq.

- Şamaxıdakı heç-heçə komandanızı psixoloji olaraq rahatlaşdırmadı?

- Nəyə görə rahatlaşdığımızı fikirləşirsiz? Bu gün dominant oynayan tərəf biz idik. Oyuna baxdığınıza şübhə edirəm. Son dəqiqələrdə mərkəz müdafiəçilərimiz də hücuma qoşuldu. Futbolda üç nəticə hər zaman olur. Bu gün heç-heçə etdik. Amma pis çıxış etmədik. Daha yaxşı ola bilərik.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti