“Sabah” sərgilədiyi futbol və əldən etdiyini nəticələrlə proqnozları alt-üst etməkdədir.
Mövsümün əvvəlində kimsə finişə yaxın “Sabah”ın “Qarabağ”ı 10 xal qabaqlayacağını deyib, növbəti dəfə Azərbaycan kubokunu qazanacağını iddia etsəydi, dedikləri təbəssümlə qarşılanardı.
Lakin bu, reallıqdır.
Premyer Liqanın başa çatmasına 7 tur qalmış “tələbələr” turnir cədvəlində “köhlən atlar”ı 10 xal qabaqlayır, ölkə kubokunun yarımfinal mərhələsində “Qarabağ”la səfər heç-heçəsinə nail olub.
Maraqlıdır, vəziyyətin bu cür olması “Sabah”ın futbolçularında gərginlik yaratmır? Mümkün titulun son anda əldən çıxa biləcəyi ilə bağlı narahatlıq var?
Olmaya çempion olacaqları ilə bağlı rahatlıq komandanın qələbələri sıralamasına səbəb olmaqdadır?
Masazır təmsilçisinin qazaxıstanlı qapıçısı Stas Pokatilov mövzu ilə bağlı Sportinfo.az-a danışarkən uğurun psixoloji sirrini açıb:
“Rahatlıqdan qətiyyən söhbət gedə bilməz. Üzərimizdə böyük məsuliyyət var və hər birimiz bunun fərqindəyik.
İndidən düşünsək ki, liderik və qarşıda bizi ağır oyunlar gözləyir, bu, bizə baha başa gələ bilər. Ümumi mənzərəyə baxmaq lazım deyil.
Sadəcə, hər qarşıdan gələn oyunu düşünərək qələbə qazanmalıyıq. Belə olduğu halda işlərimiz qaydasında gedəcək.
Komandada yer alan hər bir futbolçu dediyim kimi fikirləşir. Buna əmin ola bilərsiniz”.
26 turdan sonra aktivində 65 xal olan “Sabah” liderdir. 1 oyun az keçirərək 55 xala sahib “Qarabağ” 2-ci, “Turan Tovuz” 49 xalla 3-cüdür.
HƏBİB

