“Sabah” klub tarixinin ən möhtəşəm mövsümünü keçirməkdədir.
Premyer Liqanın startından bu yana əla oyun nümayiş etdirən ölkə kubokunun son qalibi məğlubiyyətin nə olduğunu bilmir.
Cari mövsümdə yalnız bir dəfə - öz meydanında “İmişli”yə məğlub olan tələbələr ən yaxın izləyicisi və əsas rəqibi “Qarabağ”ı 10 xal qabaqlamaqla turnir cədvəlinə liderlik edir.
Azərbaycan kubokundakı vəziyyət də qənaətbəxşdir. Yarımfinalda “Qarabağ”la səfər heç-heçəsi (2:2) əldə edən Masazır təmsilçisi cavab görüşündə üstünlük nümayiş etdirməklə növbəti dəfə final həyəcanı yaşaya bilər.
Hazırda kollektivdə hər kəs həm Prenyer Liqanın, həm də Azərbaycan kubokunun qalibi olmaq həvəsindədir.
Əslən Əlcəzairdən olan fransalı müdafiəçi Akim Zedadka Sportinfo.az-a açıqlamasında “Sabah”ın iddiasını açıq şəkildə etiraf edib:
“Meydana çıxanda qələbə qazanmaqdan başqa heç nə düşünmürük. Hər oyunda hədəf 3 xaldır.
Bura qədər çox yaxşı gəlmişik. Turnir cədvəlində liderik, Azərbaycan kubokunun yarımfinalında səfər heç-heçəsi əldə etmişik.
Hər iki yarışda qalib olaraq “qızıl dubl” etmək üçün əlimizə yaxşı imkan düşüb.
Bundan maksimum yararlanacağıq ki, həm çempion olaq, həm də kuboku qazanaq.
Qarşıda “Qarabağ”la vacib oyunlarımız var. Hər şey öz əlimizdədir”.
HƏBİB

