
Avrokubokda mübarizəni dayandırdıqdan sonra "Sabah"ın çempionatda yeni mövsümə necə başlayacağı böyük maraq doğururdu.
Bəziləri "bayquşlar"ın hələ də avrokubokda mübarizəni dayandırmasının təsiri altında olduğunu, buna görə çempionatdakı ilk oyunundan da uğursuzluqla ayrılacağını düşünürdüsə, bir qisim də komandanın avrokuboklarda "Çelye" və "Petrokub"la baxımlı oyunlarını əsas götürərək, çempionata da uğurla başlayacağını proqnozlaşdırırdı.
Digər komandalardan fərqli olaraq "Sabah" çempionata 2-ci turdan başlayırdı. Masazır təmsilçisinin ilk turda baş tutmalı olan "Qarabağ"la matçı "köhlən atlar"ın ÇL-dəki oyunu ilə bağlı təxirə salınmışdı.
Dambrauskasın "Sabah"ını avrokuboklarda görsək də bu komandanın çempionatda necə təsir bağışlayacağı maraq doğururdu. Rəqib də kifayət qədər ciddi komanda idi - "Şamaxı".
Hansı ki, "Sabah" bu komanda ilə, xüsusilə səfər oyinlarında çətinlik çəkirdi. Ayxan Abbasovun baş məşqçisi olduğu komanda ilk turda səfərdə çempionluğa namizəd göstərilən "Neftçi"dən xal almağı bacarmışdı - 1:1. Üstəlik, "Sabah" 3 ildir ki səfərdə bu komandadan 3 xal ala bilmirdi.
Bu dəfə isə "Sabah" "Şamaxı" lənəti"nə son qoymağı bacardı. İlk addım elə oyunun birinci dəqiqəsində atıldı.
Rəhman Daşdəmirovun dəqiq cinah ötürməsini "Sabah"ın bombardiri Coy-Lens Mikels uğurla tamamladı. İlk dəqiqədə vurulan qoldan sonra "Sabah" bir qədər rahat oynamağa başladı ki, bunun da nəticəsində "Şamaxı" arabir təhlükəli vəziyyət yaratmağı bacardı.
Fasilədən sonra isə "Şamaxı" təzyiqi artırdı. Amma qol düşünülmüş hücumdan yox, "bənövşəyilər"in portuqal futbolçusu Dieqo Balaunun fərdi ustalığının sayəsində vuruldu. Balaunun qolu doğrudan, oyunun bəzəyi oldu.
Düzü, bu qola görə "Sabah"ın müdafiə xəttində kimisə qınamağa adamın dili gəlmir. Qoldan sonra Valdas Dambrauskas oyunda bəzi dəyişikliklər etdi -
Akim Zedadka, Abdulla Xaybulayev, Cesse Sekidika və Xəyal Əliyevi döyüşə atdı. Litvalı məşqçinin dəyişikləri bir neçə dəqiqəyə bəhrə verdi.
Mikels yenə lazım olan anda, lazım olan yerdə peyda oldu vı "Sabah" üçün həyati əhəmiyyətli qola imza atdı.
Oyunun gərginliyi pik həddə idi. Bəlkə də çempionatda yeni mövsümün ilk oyunu olmasının, bəlkə də "Sabah"ın "Şamaxı" ilə ötən mövsümlərdə itirdiyi xalların təsirindən idi ki, birinci hissədə "Sabah"ın futbolçuları Mikels və Noqeyra arasında kiçik gərginlik də yaşandı.
Lakin oyundan sonra həm Dambrauskas, həm də Mikels özü bunun sadəcə qələbə istəyindən doğan gərginlik olduğunu bildirdi. Mikels həmçinin Noqeyranı komandada ən yaxşı dostu adlandırdı.
Matçdan sonra "Sabah"ın baş məşqçisi Dambrauskas rəqibi o ki var təriflədi, "Şamaxı"nın baş məşqçisi isə hakimlikdən gileyləndi.
Ümumiyyətlə son mövsümlərdə xüsusilə yerli məşqçilərdə məğlub olduqları oyunlardan sonra hakimlikdən gileylənmək sanki ənənə halını alıb. Reallıqda isə hakimlər bu matçı normal, hətta yaxşı idarə etdiyini deyə bilərik.
Abbasovun ilk hissədə baş tutan, cərimə zərbəsi tıyin edilməməsinə görə etiraz etdiyi epizodun təkrarına baxdıqda isə həmin epizodda həm Rossinin, həm də Solvetin rəqibin formasından dartdığı aşkar görünürdü. Bu cür epizodlara əksər hallarda cərimə verilmir.
"Sabah" mövsümə 3 xalla başladı. Amma sonrası necə olacaq, bunu qarşıdakı turlarda görəcəyik.
Çempionat uzun marafondur, burada əsas olan necə başlamaq yox, müsbət tendensiyanı mövsümün sonuna kimi eyni tempdə daşımağı bacarmaqdır.
OSMAN