
Konfrans Liqasında çıxış edəcək “Sabah”ın ləqəbi sanki püşküdə özünü göstərdi.
Yəni püşkdə “Sabah”ın “bayquş”luğu tutdu və mümkün rəqiblər arasından bizim ucun ən arzuolumazlardan biri – “Makabbi” (Hayfa) qarşısına çıxdı.
İsrail təmsilçiləri bizim komandalar üçün ən çətin rəqiblərdən sayılır.
30 illik avrokubok tariximizdə yalnız “Qarabağ” 2 dəfə, biri elə bu “Makabbi”, digəri isə “Aşdod” olmaqla, İsrail klublarını mübarizədən kənarlaşdırıb. Qalan bütün hallarda mərhələni israillilər adlayıb.
Coy-Lens Mikelsi geri qaytaran, Kahim Parrisin transfer hüququnu “Dinamo Kiyev”dın birdəfəlik alan, dayaq yarımmüdafiəçisi mövqeyinə 24 yaşlı xorvat İvan Lepinitsanı, hücum xəttinə 23 yaşlı serbiyalı Neqos Kupusoviçi və slovakiyalı Pavol Şafrankonu transfer edən “Sabah”ın Hayfa klubu ilə duelləri maraqla gözlənilir.
Görək, ötən il Murad Musayevin təcrübəli “Partizan”a yaşatdıqlarını bu dəfə Krunoslav Renduliç “Makabbi”yə yaşada biləcəkmi?
İsraildəki müharibə vəziyyəti ilə əlaqədar ”Sabah” ilk oyununu iyulun 25-də Hayfa şəhərində deyil, neytral meydanda - Macarıstanda keçirəcək, avqustin 1-də isə Bakıda cavab oyunu olacaq.
İlkin Fikrətoğlu