Səkkiz oyundan sonra ilk qələbə.
Qələbə qələbədir və ona həmişə sevinmək lazımdır.
Bir yerdə pozitiv əhval-ruhiyyə olmalıdır ki, uğurlu nəticələr davamlı hal alsın.
Keçmişlə qurtarmaq, onu yada salmamaq mütləqdir. Dünəndə ilişib qalanda, qeyri-sabitlik uzunmüddətli olacaq.
«Sabah» keşməkeşli dövr yaşayır. Avqustdan bəri Murad Musayevin başının üstünü kəsdirən qara buludların artıq dağıldığını söyləməyə tələsməyək.
Ümidverici odur ki, komanda uğursuz seriyaya «dur» deyə, dönüş edə bildi. İkinci hissədə «Sumqayıt»a vurulan 3 qolu yeni mərhələnin başlanğıcı saymaq olar.
Bu, «Sabah» adına çox gərəkli haldır və bəlkə də Musayevi Azərbaycanda qalmağın doğruluğuna inandırdı. Çünki məndə belə bir məlumat var ki, rusiyalı baş məşqçi son vaxtlar ölkəsinə dönmək fikrinə düşüb və tanış menecerlərlə bu mövzuda söhbət açıb.
«Sabah»dan söz salaq, hakimdən, vərəqədən danışmamayaq, belə də olmur.
Deyəsən, hakimlər öz aralarında söyüş qoyublar: kim «Sabah»ın oyununa təyinat alırsa, ya Murad Musayevə, ya da ki, köməkçilərindən birinə «qırmızı» göstərməlidir, bunu etməyənə pis söyüş var.
Bu, Musayev üçün yaşam tərzinə dönüb. Bir növ öyrəncəli olub.
Bilmir gülsün, yoxsa ağlasın. Özünü ələ almaq, hirsini boğmaq fikri də yoxdur, görsənmir.
Arada qırmızı/sarı vərəqə almayanda özü də təəccüblənir.
ELNUR

