“Sauthempton”un müdafiəçisi Teylor Harvud-Bellis “Aston Villa”ya keçir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klublar 23 yaşlı futbolçunun transferi ilə bağlı danışıqları yekunlaşdırıb və razılıq əldə edib.
Anlaşmanın ümumi məbləği bonuslarla birlikdə 35 milyon avro təşkil edəcək.
Harvud-Bellis “Aston Villa” ilə uzunmüddətli müqavilə imzalayacaq. Futbolçu yaxın vaxtlarda tibbi müayinədən keçəcək.
İngiltərəli müdafiəçi “Mançester Siti”nin yetirməsidir. O, ötən mövsüm bütün turnirlərdə 48 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə verib.
