Musayevin "əlini gücləndirən" TRANSFER BAZARI"

8 Avqust 2022 11:40 Sabah 1 243
Musayevin "əlini gücləndirən" TRANSFER BAZARI"

Premyer Liqada 3 ən yaxşı heyətdən biri «Sabah»dadır. Murad Musayevin bu məkanda bəxti gətirib.

İddiasından əl çəkməyən, hər il bir addım da önə çıxmağı qarşısına məqsəd qoyan klubda çalışır.

Bu, onun adına böyük üstünlükdür.

«Sabah» çempionluq mücadiləsi verə biləcək gücdədir. Elə ilk turda həmin mesajı verdilər.

Yay transferləri ilə rotasiya və taktiki mnevrlər etmək baxımından əlini gücləndirən Murad Musayevin hücum futboluna köklənməsi komandasını seyr edənlərə zövq verir.

Rusiyalı mütəxəssisin texniki zonada yaşına uyğun duruşu da futbolçularına müsbət təsir göstərir. Gah yumşaq, gah sərt tonda tapşırıqlar verən Musayevin onlardan nə tələb etməsini meydana ayaq basan hər kəs yaxşı bilir.

O da görünür ki, komandaya yeni qoşulanlar adaptasiya prosesini keçməkdə problem yaşamayıb.

Anatoli Nuriyevin hesabı açdığı epizoddan sonra zədəli komanda yoldaşı Zurab Ociqavanın formasını götürüb qol sevincini bölüşməsi az diqqət çəkmədi.

«Sumqayıt» vasitəsilə Azərbaycana gəlmiş və Premyer Liqada ilk qolunu məhz keçmiş komandasına vurması da onun sevinc dozasını aşağı çəkmədi.

Fərqlənmək üçün adamın necə dəridən-qabıqdan çıxması görülməyə dəyərdi. Demək, Nuriyev «Sabah»a çox tez bağlanıb və yeni geyindiyi formanın haqqını vermək, rəqabətə tab gətirmək üçün bundan sonra daha səylə çalışacaq.

Sağlam rəqabət bir komandanı uğura aparan ən qısa yoldur.

Hesab edirəm ki, Murad Musayev bu yoldan vaz keçməyəcək, özündən əvvəl «Sabah»da çalışmış bir çox həmkarlarından fərqli, ayrı-seçkiliyə yol verməyəcək, kimlərələsə yersiz prinsip aparmayacaq, layiq olanları ehtiyat skamyada gözlətməyəcək.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti