
Artıq 5 ildir ki, AFFA-nın təşkil etdiyi Region Liqasının Mərkəz zonasında çıxış edən "Araz Saatlı" ilk dəfə olaraq bu mövsüm pley-off mərhələsinə vəsiqəni öncədən təmin edib.
Bu baxımdan sonuncu tur Ağsuda "Ağsu-06" ilə keçiriləcək oyun yalnız 2-cilik baxımından əhəmiyyət daşıyır.
Hər iki komanda pley-off-da nisbətən zəif rəqiblə qarşılaşsın deyə, bu oyuna ciddi yanaşır.
Həm Region Liqasında estafeti uğurla tamamlamaq, həm də növbəti mövsüm I Diviziona qatılmağa can atan "Araz Saatlı" rəhbərliyi əməli addımlar atmağa başlayıb.
Bu istiqamətdə ilk qərar da verilib.
Belə ki, dünən komandanın baş məşqçi postuna Şəhriyar Məmmədov gətirilib.
UEFA B kateqoriyalı mütəxəssis cari mövsümün ilk yarısını MOİK-də keçirib.
Artıq dünəndən Saatlıya gedən çalışdırıcı futbolçulara təqdim olunub.
Sonra komanda ilə ilk məşqinə çıxıb.
Fəaliyyətini peşəkar müstəviyə daşımaqda iddialı olan klub rəhbərliyi I Divizionun kriteriyalarını ödəmək üçün lazım olan digər addımları da atmaqda qərarlıdır.
XANOĞLAN / SPORTİNFO.AZ