
Region Liqasinda mübarizə aparan klublara qoyulan vaxt məhdudiyyəti ortadan qaldırılıb. AFFA belə bir güzəştlə yarımhəvəskar çempionatın iştirakçılarını sevindirib.
I Divizionda çıxış etmək üçün 3 illik fəaliyyət tələbi ilə bağlı qərar ləğv olunub.
Dörd ildir tətbiq edilən qərara görə, istənilən komanda Region Liqasında minimum 3 il keçirəndən sonra aşağı liqada yarışmaq müraciəti ilə AFFA-nın qapısını döyə bilərdi.
Bu limitin götürülməsi I Divizionun sıralarını yeniləmək məqsədi daşıyır. Çünki federasiya Premyer Liqa təmsilçilərinin əvəzedici heyətlərinin I Diviziondan ayrılmasını lazım bilib.
Yeni mövsümdən onların ayrıca çempionatı keçiriləcək. Belədə yaranan boşluğu Region Liqasının nümayəndələri dolduracaq.
Həmin liqadan ən azı 4 komanda I Diviziona cəlb olunacaq. AFFA birinci dəstədə minimum 10 iştirakçının olmasını istəyir. Lakin bu sayın artırılması da istisna deyil.
SPORTİNFO.AZ