COP29

“Bu vəzifənin də öhdəsindən layiqincə gələcəyimə inanıram”

18 Fevral 2023 21:00 Region Liqası 3 345
“Bu vəzifənin də öhdəsindən layiqincə gələcəyimə inanıram”

“Göstərdiyi etimada görə başda klubun prezidenti Asəf Məlikov olmaqla, bütün "Difai" ailəsinə öz təşəkkürlərimi bildirirəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Qarabağ qazisi Nicat Əhədov deyib.

Yeni yaradılan və özəyi II Qarabağ müharibəsi iştirakçıları tərəfindən qoyulan "Difai" FK-da yeni təyinat.gerçəkləşib.

Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının baş katibi, Azərbaycan Milli Paralimpiya Komitəsinin əlil arabasında qılıncoynatma idman növü üzrə milli komandasının üzvü Nicat Əhədov klubun baş katibi seçilib.

O, Vətən Müharibəsinin qazısıdır.

N.Əhədov 2021-ci ilin noyabr ayında, işğaldan azad edilmiş torpaqlarda - Ağdam şəhərində, Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətinin qarşısında ilk dəfə keçirilən Vətən Müharibəsi qaziləri arasında əlil arabasında qılıncoynatma idman növü üzrə I “Zəfər Kuboku”nun gümüş mükafatçısıdır:

“Müharibənin ilk günlərindən qazi və şəhid evlərini ziyarət edən, onların yanında olan, psixoloji söhbətlər aparan, tez-tez müxtəlif tədbirlərlə qazilərimizi ön plana çəkən Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasına ilk dəfə mən özüm də qazi olduqdan sonra Asəf müəllimin təkidləriylə idmançı kimi qoşulmuşam

. İki ildən artıq müddətdə dəfələrlə təlimlərdə iştirak etmiş, yarışlara çıxmış, qalibiyyətlər qazanmışam.

Davamlı və iradəli fəaliyyətimi yüksək dərəcədə qiymətləndirən Asəf Məlikov məni ilk öncə federasiyaya, daha sonra isə “Difai"yə baş katib təyin etdi, cəmiyyətə qazandırdı.

Həm vətənə olan borcumu, həm idmançı kimi öz vəzifəmi, həm də federasiyanın işlərini layiqincə yerinə yetirdiyimdən, bu vəzifənin öhdəsindən də layiqincə gələcəyimə inanıram və əlimdən gələni edəcəm.

Onu deməliyəm ki, biz Əlil Arabasında Qılıncoynatma Federasiyası və "Difai" ailəsi olaraq, ölkəmizdə futbolun və idmanın inkişafına, qazi və veteranlarımızın cəmiyyətə yenidən inteqrasiyasına, bu sahədə haqsızlıqların azalmasına yönəlik işlər görüb, uğurlara imza atacağımızın vədini veririk.

Öz fəaliyyətim zamanı istənilən veteran, qazi və yaxud da əlilliyi olan mülki şəxslərin cəmiyyətə adaptasiyasında, inandığı idman sahəsinə yönəlməsi istiqamətində olan müraciətlərinə bütün səmimiyyətimlə köməklik göstərəcəyimi də əlavə etmək istərdim.

Onu da vurğulamalıyam ki, yenicə yaranan və Region Liqasında çıxış edən "Difai"nin heyəti əsasən qazi və veteranlardan ibarətdir.

Komandamızın bu cür mərd oğullardan ibarət olması və ard-arda qazandığımız qələbələr "Difai”ni hər kəsin sevimlisinə çevirib.

Bundan sonrakı fəaliyyətlərimizdə federasiya və kluba uğurlar arzu edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!