"Mən futbol klubu yaratmışam, pis iş görmüşəm ki?" - PRZİDENT ŞİKAYƏTLƏNDİ

15 Fevral 2023 14:40 Region Liqası 1 145
"Mən futbol klubu yaratmışam, pis iş görmüşəm ki?" - PRZİDENT ŞİKAYƏTLƏNDİ

“Bizə rayon rəhbərliyi tərəfindən heç bir diqqət və qayğı yoxdur“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qala“nın prezidenti Vüsal Məmmədov deyib.

Cari mövsümdən Region Liqasında Şəmkiri təmsil edən klub rayonun rəsmi dairələrinin etinasız münasibəti ilə üzləşib.

Yeni yaradılan komandanın rəhbərliyi bir neçə dəfə İcra Hakimiyyətində olsa da, onları burada qəbul edən olmayıb.

İcra başçısı Rəşad Tağıyevin adından “Qala”nın funksionerlərina bildirilib ki, o, futbolla maraqlanmır və bu sahəyə diqqət ayırmağa vaxtı yoxdur.

2021-ci ilin sentyabrında görəvinin icrasına başlayan R.Tağıyev hələ bir dəfə stadiona baş çəkərək, “Qala”ya dəstək verməyib.

V.Məmmədovu dinləyək:

“Mən iki dəfə İcra Hakimiyyətində olmuşam, istəmişəm ki, başçı ilə görüşüm, onu stadiona dəvət edib.

Özümlə komandamızın formalarını aparmışam ki, hədiyyə verim. Çox çalışsam da, qəbula düşə bilməmişəm.

Bizə yad münasibət var. Hərdən mənə elə gəlir ki, bəlkə biz düşmənik? Onlardan pul istəmirik, başqa bir şey istəmirik.

Yeganə istəyimiz budur ki. rayon rəhbərliyi komandayla yaxından tanış olsun, gəlib stadionda mənəvi dəstək versin. Qoy, camaat da görsün ki, İcra Hakimiyyəti futbola maraq göstərir.

Sizə bir hadisə danışım. Keçən dəfə Göygölə getmişdik. Göygölün komandası meydana çıxanda, gördüm ki. rayonun icra başçısı da oradadır.

Özüylə bir döşək götürdü, gəlib azarkeşlərin arasında əyləşdi, öz komandalarına dəstək verdi. Vallah, yaxşı mənada mən həsəd apardım.

Ürəyimdən keçdi ki, kaş Şəmkirdə də belə olaydı. Mən futbol klubu yaratmışam, pis iş görmüşəm ki?

Nə qədər gənci idmana çəkmişəm, istəməmişəm ki, pis vərdişlərə qurşansınlar. Azərbaycan idman ölkəsidir və imkeanı çatan hər kəs çalışmalıdır ki, bu sahəyə diqqət və vaxt ayırsın.

Mən də dostlarımla birgə Şəmkirdə komanda saxlayırıq, onlarla gənci futbola qaytarmışıq. Bizimlə maraqlanmaq əvəzinə, deyirlər ki, vaxtımız yoxdur.

Bu qədər xərc qoyuruq, komandanı yaşadırıq, istəyirik ki, rayonumuzun adı ucalsın, belə soyuq münasibəti görəndən sonra… Adam bəzən gördüyü işə peşman olur».

Şəmkir təmsilçisi Region Liqasının debütantları sırasındadır. Şimal-Qərb və Qərb zonasında mübarizə aparan komanda ilk dövrədən sonra liderlər qrupunda yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti