"Mən özümün və bir neçə dostumun sayəsində bu klubu yaratmışam"

10 Yanvar 2023 14:00 Region Liqası 1 163
"Mən özümün və bir neçə dostumun sayəsində bu klubu yaratmışam"

«Yeni yaranmış klubuq, amma böyük hədəflərimiz var».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qala-Şəmkir»in prezidenti Vüsal Məmmədov deyib.

Şəmkir təmsilçisi Region Liqasının debütantları sırasındadır. Şimal-Qərb və Qərb zonasında mübarizə aparan komandanın hədəfləri barədə danışan müsahib bildirib ki, çempionatın qalibi olmaq iddiasındadırlar:

«Qala»nı daxili imkanlarımız hesabına yaratmışıq. Mən özümün və bir neçə dostumun sayəsində belə bir klub formalaşdırmışıq.

Yaxşı komandamız var. Heyət başdan-başa şəmkirli uşaqlardan ibarətdir.

Rayonumuz neçə il idi ki, futbolsuz qalmışdı. İdmandan uzaq düşmüş yeniyetmə və gəncləri yenidən bu sahəyə qaytarmışıq.

Şəmkirdə futbolu çox sevirlər. Vaxtilə ölkə çempionatında çempionluq qazanmış klubumuz olub. Doğrudur, mərhum Şahbaz Süleymanovun gördüyü işləri təkrarlamaq bir qədər çətin olacaq.

Allah Saşaya rəhmət eləsin, Şəmkir futbolu üçün böyük işlər görüb! Biz də əlimizdən gələni edirik ki, rayonumuz üçün nəsə iş görək.

İstəkli və həvəsliyik. Region Liqasının ilk iki turunda təcrübəsizliyin əziyyətini çəkdik. Sonradan toparlanmağa başladıq və qış fasiləsinə ilk «üçlük»də yollandıq.

Qrupdan çıxacağımıza şübhə etmirəm. Baş məşqçimiz Elşad Mirzəyevə və futbolçulara inanıram. Əminəm ki, bu yarışda sonadək gedə bilərik. Məqsədimiz çempionluqdur».

Digər Xəbərlər
Xəbər Lenti