"Klubumuz Divizionda mübarizə aparmaq istəyir" - Baş katiblə görüşən prezident

17 Dekabr 2022 16:00 Region Liqası 811
"Klubumuz Divizionda mübarizə aparmaq istəyir" - Baş katiblə görüşən prezident

«Difai»nin prezidenti Asəf Məlikov AFFA-nın baş katibi Sərxan Hacıyevlə görüşüb.

Bu barədə Sportinfo.az-a klub prezidentinin özü bildirib.

Region Liqasında mübarizə aparan komandanın yaradıcısı federasiyanın inzibati binasında təşkil olunan görüşün kifayət qədər səmimi ortamda və səmərəli keçdiyini söyləyib.

Sitat: «Yaxınlarda Sərxan müəllimə müraciət etmişdim, o da təklifimizi müsbət qarşıladı və görüşdük.

Biz bir-birimizi neçə illərdir tanıyırıq. UEFA-nın Bakıda keçirdiyi müxtəlif beynəlxalq turnirlərin Təşkilat Komitəsində bir yerdə çalışmışıq.

Çox yaxşı bir söhbətimiz oldu. Baş katibə «Difai»nin yaradılmasının səbəbləri, bu adın mənası, gələcək planlarımız haqda geniş məlumat verdim.

Bildirdim ki, «Difai» Vətən müharibəsinin iştirakçıları və qazilərini bir araya gətirən klubdur, məqsədimiz onların idmanla aktiv məşğul olmasına, sağlam həyat sürməsinə, gələcəyə nikbin yanaşmasına kömək etməkdir.

Komandamızın Region Liqasında çıxışı, nəticələri, futbolçularımız barədə danışdım.

«Difai» təşkilatının vaxtilə ermənilərə qarşı apardığı mübarizədən misallar çəkdim, yaratdığımız klubun əsasını da bədnam qonşularımıza qarşı döyüşən qəhrəman oğullarımızın qoyduğunu söylədim.

Sərxan müəllim bütün bu dediklərimi böyük həvəslə dinlədi, çox isti qarşıladı. Qeyd etdi ki, AFFA yeni klubların yaradılmasında maraqlıdır və «Difai»nin fəaliyyətə başlaması onları sevindirir.

Mən də öz növbəmdə bildirdim ki, klubumuz növbəti mövsüm Divizionda mübarizə aparmaq istəyir və bundan irəli gələn məsələlərin həllinə çalışır.

Baş katib cavab verdi ki, Divizionda iştirak edəcək komandaları müəyyənləşdirmək yalnız ondan asılı deyil, bu barədə qərar vermək AFFA İcraiyyə Komitəsinin səlahiyyətindədir.

Diqqətə çatdırdı ki, gələn ilin mart ayında bu kimi məsələlərə baxılacaq. Hətta bəlkə ondan da tez qərar verildi.

Biz AFFA-nın «Difai» barədə müsbət qərar qərar çıxaracağına, klubumuzun peşəkarlıq yolunda növbəti addımı atmasına dəstək olacağına inanırıq.

Hər halda Sərxan müəllimlə görüş məndə böyük ümidlər yaratdı. İndiyədək AFFA-dən özümüzə münasibətdə xoş məram və diqqət görmüşük».

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"