“İnanmıram ki, Mübariz Mənsimov buna etiraz etsin və incisin”

9 Noyabr 2022 16:40 Region Liqası 1 388
“İnanmıram ki, Mübariz Mənsimov buna etiraz etsin və incisin”

“Klublarımızın adı oxşardır, amma inanmıram ki, Mübariz Mənsimov buna etiraz etsin”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Xəzər Lənkəran 42”nin direktoru Höccət Hacıyev deyib.

Yeni yaranan klub bu mövsüm Region Liqasında mübarizə aparacaq. Debütant çempionatın cənub zonsasında qüvvəsini sınayacaq.

“Xəzər Lənkəran 42”ni 2016-ci ildə fəaliyyətini dayandıran “Xəzər Lənkəran”ın davamçısı saymaq olar. Hər halda klubların adları bir-birinı çox bənzəyir.

“Xəzər Lənkəran”ın adına əlavə olunmuş “42” isə Lənkəran şəhərinin avtomobil seriyasıdır.

Onu da qeyd etməliyik ki, H.Hacıyev “ağ-yaşıllar”ın fəxri prezidenti Mübariz Mənsimovun yaxın qohumudur. Onlar dayıoğlu-bibioğludur.

Hacıyevin dediyinə görə, kluba “Xəzər Lənkəran 42” adı vermələri bölgədə bu ismin məşhur olması və hamı tərəfindən qəbul edilməsiylə əlaqədardır:

“Düşünmürəm ki, Mübariz müəllim bu adı götürməyimizdən inciyər. Əksinə, onun da xoşuna gələr ki, biz bu adı yaşadırıq.

Bilmirəm, bəlkə o da gələcəkdə yeni yaratdığımız kluba köməklik edəcək. Bunu zaman göstərəcək.

Onu dəqiq bilirəm ki, Mübariz müəllim Lənkəranda böyük futbolun olmasını istəyir. Yəqin ki, “Xəzər Lənkəran 42”nin yaranması haqda artıq onda məlumat var”.

Digər Xəbərlər
Xəbər Lenti