AFFA “Xan Lənkəran”a güzəşt etməyəcək - “Cəbrayıl”a da

29 May 2022 01:20 Region Liqası 1 942
AFFA  “Xan Lənkəran”a güzəşt etməyəcək - “Cəbrayıl”a da

Sportinfo.az AFFA-nın baş katibi Sərxan Hacxıyevin müsahibəsini təqdim edir:

- Region Liqasının finalında “Cəbrayıl” “Xan Lənkəran”ı 1:0 hesabı ilə məğlub edərək çempion oldu.
- Doğrudan da çox maraqlı qarşılaşmanın şahidi olduq. İntensiv görüş izlədik. Əsl finala yaraşan ab-hava var idi. Hər iki komanda çox fəal idi. Rəqiblər qələbə qazanmaq üçün meydana çıxmışdı. Möhtəşəm futbol sərgilədilər. Meydanda futbolçular, tribunada azarkeşlər mükəmməl idi. Yekunda “Cəbrayıl” qələbə qazandı. Bu münasibətlə onları təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayıram. “Xan Lənkəran” da əzmkar oyun nümayiş etdirdi. Buna baxmayaraq, məğlub oldu. Ümumiyyətlə, möhtəşəm mövsüm keçirdilər. Onları da bu münasibətlə təbrik edirəm. Doğrudan da, bu oyun göstərdi ki, region komandaları gələcəkdə daha maraqlı qarşılaşmaları araya-ərsəyə gətirməkdə bizə kömək olacaq.

- Mükafatlandırma mərasimi bitəndən sonra “Xan Lənkəran”ın prezidenti Pərviz Hüseynovla söhbət etdiz. Bu, klubun gələcəyi ilə bağlı idi, yoxsa sadəcə, qarşılaşma haqda danışırdız?
- Bəli, düz qeyd edirsiz. Klub rəhbərliyi ilə görüşdüm. Onları gözəl oyun münasibəti ilə təbrik etdim. Mövsümlə bağlı sizə dediklərimi onlara da bildirdim. Həqiqətən də “Xan Lənkəran” bu çempionatda çox yaxşı təsir bağışladı. Final görüşündə də əzmkarlıq nümayiş etdirdilər. Sonda da klub rəhbərliyi ilə bəzi məsələləri müzakirə etdik. Gələcəklə bağlı bəzi suallara aydınlıq gətirdik. Onlar da öz fikirlərini səsləndirdilər. Bu məsələlər gələcəkdə müzakirə olunacaq.

- İcraiyyə Komitəsinin qərarı ilə üç klub növbəti mövsüm 1-ci divizionda iştirak edəcək. Ola bilər ki, qurumun xüsusi iclası keçirilsin və Region Liqasının finalçıları - “Cəbrayıl”la “Xan Lənkəran”a xüsusi güzəşt edilərək diviziona buraxılsın? Çünki bu klublar həm azarkeş, həm də idarəetmə baxımından başqalarından fərqlənir. Yəqin siz də bunun şahid olduz. Bəlkə bununla bağlı hansısa təklif irəli sürəsiz?
- Bu mövsüm üçün İcraiyyə Komitəsinin iclası keçirildi. Qeyd etdiyiniz kimi, “İmişli”, “Araz Naxçıvan” və “Mingəçevir” 1-ci divizionda çıxış edəcək. Çempionatda iştirak edəcək komandaların sayı bəllidi. Bununla bağlı hansısa yenilik gözlənilmir. İcraiyyə Komitəsinin qərarı ilə, sadəcə, 3 komandaya icazə verildi ki, 1-ci divizionda iştirak etsin.

- Artıq 3-cü ildi Region Liqası keçirilir. Bu yarışda kifayət qədər yaxşı komandalar mübarizə aparır. Ola bilər ki, qarşıdakı illərdə 1-ci divizion ləğv olunsun və Region Liqası həmin çempionatı əvəzləsin? Bəlkə bu liqa 3-cü peşəkar turnir kimi fəaliyyət göstərə bilər?
- Hazırda bu haqda nəsə demək çətindi. Çünki Region Liqasında həvəskar komandalar mübarizə aparır. 1-ci divizionda isə peşəkar klublar çıxış edir. Bununla bağlı indi nəsə deməyim doğru olmaz. Çünki bəhs etdiyiniz məsələ müzakirə mövzusu deyil (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti