Bazar günü Premyer Liqanın 24-cü turu ilə yadda qalsa da, həmin gün Region Liqasının 1/4 final mərhələsinin "Cəbrayıl" - "Energetik" arasındakı cavab matçında yaşanan qalmaqal daha çox gündəm oldu.
Belə ki, hakimin yanlış qərarlarına etiraz olaraq qonaqların futbolçuları hakimə sərt narazılıqların bildirmiş oldular. Bu əsnada hətta hakimə dəyən təpik-yumruq zərbələri də gözdən qaçmadı.
Matçı izləyənlər arasında Mingəçevirdən Bakıya gələn komandanın ən böyük azarkeş qrupu olan "Zona-45" də vardı.
Fanklubun fəallarından olan Əhmədli Nurlanla redaksiyamızla əlaqə saxlayaraq, başverənlər barədə fikirlərini səsləndirib.
Nurlan bəy yaşananları şərh etməklə bərabər, matçın təkrar keçirilməsinə ümid etdiklərini də dilə gətirdi:
"Hər şey göz qabağındadır. Oyunun videolarından göründüyü kimi baş hakim Rövşən Rəcəbov rəqibin bizim futbolçumuza qarşı cərimə meydançasında etdiyi qayda pozuntusuda səhvə yol verərək penal əvəzinə cərimə təyin etdi. Açıq-aşkar qaydanın cərimə meydançasında pozulduğu görünür. Epizod ortadadır, indi qalır lazımı dairələrin düzgün qərar verməsi. Düşünürük ki, AFFA İcraiyyə Komitəsinin (İK) iclasında baş hakimin qərarları ədalətli müzakirə olunacaq və onun barəsində tənbeh görüləcək. İK-nın yarımçıq qalmış matçın yenidən keçirilməsinə qərar verməsini gözləyirik".
XANOĞLAN / SPORTİNFO.AZ

