Bu gün Region Liqasında ¼ final mərhələsinin cavab görüşləri keçiriləcək.
Maraqlı və prinsipial qarşılaşmalardan biri Bakıda baş tutacaq.
Çempionluğu hədəfləyən “Cəbrayıl” ötən həftəsonu Mingəçevirdə məğlub etdiyi “Energetik”i qəbul edəcək.
Azərbaycan millisinin sabiq futbolçusu Cavid Hüseynovun rəhbərlik etdiyi Qarabağ təmsilçisi oyuna ciddi hazırlaşır. Futbol bir tərəfə, əsas məqsədlərdən biri Binə stadionundakı tribunaları doldurmaq, matç günü qəsəbədə qələbə ab-havası yaratmaqdır.
Bununla bağlı təbliğat işləri aparılır. Cavid Hüseynovun adı futbolsevərləri stadiona cəlb etməkdə əsas rol oynayırsa, kluba yaxın şəxslər də bacarığını əsirgəmir.
Məsələdən duyuq düşən Mingəçevirdən olan futbolsevərlər komandalarını Bakıda tək buraxmaq niyyətində deyil.
"İşıqlar şəhəri"ndən aldığımız məlumata görə, oyun günü Mingəçevirdən paytaxta bir avtobus azarkeş gələcək. Azarkeşlər sevimli komandalarının əvvəlki səfər qarşılaşmalarına yollansa da, bu dəfə sayları daha çox olacaq – 40-50 nəfər.
Qısası, iki bölgə təmsilçisi arasındakı dueldə tribunalarda möhtəşəm ab-hava yaşanacaq.
Komandalar arasında aprelin 17-də keçirilmiş ilk oyunda “Cəbrayıl” “Energetik”i 2:1 hesabı ilə məğlub etmişdi. Aprelin 24-də Binə stadionunda baş tutacaq oyun saat 16.00-da başlanacaq.
HƏBİB / SPORTİNFO.AZ

