"Həmin futbolçu düşmənimə çevrilər” – Klub prezidenti indidən barmaq silkələdi

22 Aprel 2022 20:40 Region Liqası 1 244
"Həmin futbolçu düşmənimə çevrilər” – Klub prezidenti indidən barmaq silkələdi

“Prinsipial və məsuliyyətli oyuna çıxacağıq. Rəqibin gücündən və istəyindən xəbərdarıq”.

Region Liqasının ¼ final mərhələsinin cavab görüşü çərçivəsində “Energetik”i qəbul edəcək “Cəbrayıl”ın prezidenti Cavid Hüseynov vacib görüşlə bağlı Sportinfo.az-a danışıb.

Ötən bazar Mingəçevirdə baş tutan dueldə cəbrayıllılar 2:1 hesabı ilə vacib qələbə qazanmağı bacarmışdı.

Görəsən bu hal komandada arxayınlıq yaratmayacaq? İlk matçda istəyinə çatan futbolçuları oyuna kökləmək çətin olmayacaq? Ümumiyyətlə, qarşılaşmaya hazırlıq necə gedir?

Hüseynov bu sualları eşidincə, iddialı və sərt danışdı:

“Mingəçevir futbol şəhəridir deyə, çox yaxşı komandaları var. “Energetik” kimi rəqibə qarşı oynayanda həm futboldan zövq alırsan, həm də futbolçular üçün böyük təcrübə olur.

Oyunun gərgin və çətin keçəcəyini indidən təxmin etmək çətin deyil. Son dərəcədə ciddi hazırlaşırıq. Çünki bizim kimi onların məqsədi də yarımfinala yüksəlməkdir.

Futbolçuların psixoloji hazırlığını diqqətdə saxlayırıq. Buna görə də hər məşqdən əvvəl onlarla 15-20 dəqiqə söhbət edirik.

Heç bir arxayınlıqdan söhbət gedə bilməz. Hansısa futbolçuda arxayınlığın olmasına imkan vermərəm. Belə bir şey görsəm, həmin futbolçu düşmənimə çevrilər”.

Region Liqasının 1/4 final mərhələsi çərçivəsində “Cəbrayıl”la “Energetik” arasında baş tutacaq cavab qarşılaşması aprelin 24-ü, saat 16.00-da Binə qəsəbə stadionunda başlayacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti