«Üç qol vursaq da, çətin oyun keçirdiyimizi deməliyəm».
Sportinfo.az xəbər verir ki, bu sözlər «Xan Lənkəran»ın baş məşqçisi İbrahim Uzuncaya aiddir.
«Xan Lənkəran» Region Liqasının ¼ final mərhələsində ilk oyuna çıxıb.
Komanda Bakıda «Füzuli»nin qonağı olub. Görüş cənub təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Lənkəranlıların heyətində Röyal Nəcəfov dubla imza atıbsa, daha bir dəfə İlyas Səfərzadə fərqlənib. Nominal meydan sahiblərindən isə Emin Mustafayev təsəlli qoluna imza atıb.
Türkiyəli çalışdırıcı Lənkəranda keçiriləcək cavab matçına ciddi hazırlaşacaqlarını bildirib:
«Düzdür, Bakıda 3 qol vurub, bir qədər rahat nəfəs aldıq. Lakin arxayınlaşmaq olmaz.
Müasir futbolda hər an hər şeyə hazır olmaq, yaxşı hazırlaşmaq lazımdır. Eyni məsuliyyət və ciddiyəti qarşıdakı matçda da göstərməliyik.
Futbolçularımdan razıyam. Verdiyim bütün tapşırıqları hərfinə kimi yerinə yetirdilər. Biz hər matça xüsusi hazırlaşırıq.
Rəhbərliyimizi və azarkeşlərimizi sevindirmək üçün bütün gücümüzü qoyacağıq».

