Bakının mərkəzi, neytral meydan və iki bölgə klubu...

18 Aprel 2022 16:40 Region Liqası 3 983
Bakının mərkəzi, neytral meydan və iki bölgə klubu...

"ASK Arena"nın ətrafında bir qələbəlik var.

Piyada səkilərinin kənarı ilə qrup-qrup insanlar arenaya tələsir.

Biri tanışını görüncə "niyə gecikirsən?", digəri telefonda dostuna "harda qaldın?" deyə hesab sorarcasına sual verir.

Bütün söhbətlər doğma və şirin cənub ləhcəsində gedir. Təbii ki, bu, qələbəliyin sirrini açmaq üçün ilk və tutarlı fakt olur.

Arenaya yaxınlaşdıqca futbol atmosferi insanı heyrətləndirməməsi mümkün deyil. Tribunalar ağ-yaşıl rəngələrə bürünüb. Növbəti surprizlə isə tribunlara yaxınlaşanda rastlaşıram.

"Xan Lənkəran" tərəfdarlarının yerləşdiyi tribunaya yaxınlaşmaq istəyirdim ki, üzbəüz tribunada olan izdiham məni özünə cəlb edir. "Füzuli, sən azadsan" pankartının arxasına cəm olan 1000-1500 fanatın "Füzuli, Füzuli" şuarı arenanı bürüyür. Bununla füzulilərin də bu qədər çılğın futbol fanatı olmasını ilk dəfə kəşf etmiş oluram.

Fikrimdən daşınır, geriyə qayıdır və elə füzulili azarkeşlərin olduğu tribunada yer alıram. Az sonra "Xəzər Lənkəran" yetirməsi olan və hazırda "Qarabağ"da çıxış edən Toral Bayramov fəxri qonaqlar üçün ayrılan yerə təşrif buyurur. Yolüstü "Xan Lənkəran"ın prezidenti Pərviz Hüseynovun "Toral, Toral" çağrışına tanınmış sima "necəsiz, Pərviz müəllim" deyərək cavablayır və yerinə tələsir.

Gözəl görüntülərə səhnə olan azarkeşlərin fotolarını çəkincə gözüm Azərbaycan Azarkeşlər Birliyinin rəhbəri, tanınmış futbol fanatı Atanur Cəfərliyə sataşır. O da "Füzuli" komandasının tərəfdarları olan sırada və öndə qərar tutmuşdu.

Tribuna adamı bəzən sakitliyə təslim olmur və komandanı dəstəyə səsləyir. İnsafən, bu, pis də effek vermir. Hər halda təcrübə başqa şeydir. Bir qədər sonra bəndənizlə söhbətdə məlum olur ki, sən demə Cəfərli əslən Füzulidəndir və torpaq onu dəstəyə çağrırmış.

Tribunanın dəmirlərinə söykənən gənclərə yaşlı tərəfdarların "a bala, kənara durun, biz də baxaq", "Sizə yox, futbola baxmağa gəlmişik" çağrışları, "bircə ay məşq eləsəm bunlardan yaxşı oynayaram", "bu qarınla futbol oynamaq olar?" kimi təbəssüm yaradan atmacaların fonunda gərgin keçən matç sonda Lənkəran təmsilçisinin 3-1 hesablı qələbəsi ilə başa çatır.

Amma bu 90 dəqiqədə əsl qalib Azərbaycan futbolu, Azərbaycan azarkeşi, Füzuli və Lənkəranın timsalında Azərbaycanın bölgələri olur. Növbəti dəfə isbat olunmuş olur ki, elə nə varsa bölgələrimizdə, bölgə klublarımızda var.

"Bölgələrsiz futbol olmaz" çağrışı növbəti dəfə özünü Bakının mərkəzində və neytral meydanda keçirilən iki bölgə klubunun matçında əyani sübuta yetirilmiş oldu. Buna görə hər iki tərəfin tərəfdarına, futbolçularına və rəhbərliyinə əhsən düşür.

Yaşasın, bölgə klubları!

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti