Növbəti mövsüm Region Liqasında çıxış etmək istəyəcək komandalar yeni şərtləri yerinə yetirməli olacaq.
Bu barədə AFFA-dan Sportinfo.az-a bildirilib.
Verilən informasiyaya görə, çempionatın əsasnaməsinə bir sıra əlavələrin edilməsi yönündə çalışmalara başlanılıb.
Bunda məqsəd iştirakçıların mövsümün gedişində yarışmanı tərk etməsi kimi halların qarşısını almaqdır.
Belə bir hal cari mövsüm yaşanıb. Paytaxt-Şimal zonasında mübarizə aparan «Şahdağ» qrup mərhələsinin ikinci dövrə oyunlarına çıxmayıb.
Maliyyə problemi ilə qarşılaşan Quba təmsilçisi İntizam Komitəsinin qərarıyla turnirdən kənarlaşdırılıb.
AFFA həm bu, həm də təşkilatçılıqla əlaqəli əngəllərlə üzləşməmək üçün iştirak şərtlərini sərtləşdirməyə hazırlaşır.
Buna əsasən yalnız iştirakçı klubların rəhbərləri deyil, eyni zamanda, onların təmsil edəcəyi rayon və şəhərlərin rəsmi dairələri də öz üzərinə öhdəlik götürəcək.
Başqa sözlə, çempionatda qüvvəsini sınamaq həvəsində olanlar federasiyaya zəmanət məktubu təqdim etməlidir.

