Hazırda Region Liqasında çıxış edən, amma növbəti mövsümdən ən azı birinci divizionda mübarizə aparmağı hədəfləyən "Xan Lənkəran" transfer çalışmalarını davam etdirir.
Cənub təmsilçisi bu dəfə Azərbaycan Premyer Liqasının bombardiri olmuş Nurlan Novruzovu heyətinə qatmağa hazırlaşır.
Son mövsümü Nepalın "Maçhındıra" klubunda keçirən və çempion olan forvarda artıq təklif də göndərilib. Son klubu ilə müqaviləsi bitən, hazırda bir sıra Asiya klublarından dəvətləri olan 29 yaşlı hücumçu isə Lənkəran təmsilçisinə yekun cavab verməyə hələ tələsmir.
"Bakı"nın yetirməsi olan Novruzov 2014-2015 mövsümündə Azərbaycan Premyer Liqasının 15 qolla bombardiri olub.
O, karyerası ərzində Azərbaycanda "Bakı”, "Sumqayıt”, "Səbail”, Türkiyədə "Şanlıurfa”, "Dersim 62 Spor”, Moldovada "Dinamo-Auto”, Estoniyada "Narva Trans”, Nepalda "Lalipur Siti" və "Maçhındıra" kimi klublarda forma geyinib.
Daha əvvəl "Xan Lənkəran"ın milli komandamızın sabiq üzvü Tərlan Quliyevə təklif göndəriyini xəbər vermişdik. Futbolçu özü də mətbuata açıqlamasında xəbərimizi təsdiqləmişdi.
XANOĞLAN / SPORTİNFO.AZ

