Sportinfo.az xəbər verir ki, AFFA İntizam Komitəsinin iclasında Region Liqasının ötən turundakı oyunlarda qeydə alınan neqativ hallarla bağlı sərt qərarlar verilib.
Xüsusən də, iki oyunda hakimlərə qarşı aqressiv davranışlara yol verənlər diskvalifikasiyaya məruz qalıblar.
“Əlincə” – “Kəngərli” oyununda ikincilərin futbolçusu Mirəli Seyidov, “Batabat” – “Babək” matçında isə birincilərin məşqçisi Pərvin Əsədli hakimlər briqadasını təhqir edib. Bu, oyunçunun 4, məşqçinin isə 5 oyunluq cəza almasına səbəb olub.
“Babək”lə qarşılaşmanın ardından “Batabat”ın futbolçusu Bakir Adıgözəlov isə hakimlər briqadasını təhqir etməsinə və fiziki təsir göstərməyə cəhd göstərməsinə görə 8 oyunluq diskvalifikasiya edilib.
“Əlincə” ilə görüşdə isə “Kəngərli”nin baş məşqçisi Fuad Həsənov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alıb. Komitə ona da 10 oyunluq cəza kəsib.

