Dünən Region Liqasında pley-off mərhələsinə start verilib.
Sportinfo.az xəbər verir ki, çempionatın əsas favoritlərindən sayılan "Xan Lənkəran" bu gün meydana çıxacaq.
Cənub zonasında qrup birincisi olan komanda doğma meydanda şimal bölgəsindən "Şirvanovka"nı qəbul edəcək.
Klubun prezidenti Pərviz Hüseynov bununla bağlı şəxsi "instaqram" hesabında paylaşım edib. O, futbolçuların əvvəl geyindiyi qırmızı-qara rəngli formanı kollektiv üzvlərinin imzası ilə bu gün azarkeşlərə təqdim edəcəklərini bildirib.
Qusar təmsilçisi ilə qarşılaşma saat 16:00-da “Xəzər Lənkəran” Mərkəzi Stadionunda start götürəcək.
“Xan” daha bir yeniliyə imza atıb. Yeni yaranan klub stadiona bilet satışına başlayıb. Sevimli komandalarına dəstək olmaq istəyən azarkeşlər bunun üçün 1 manat ödəyəcək.
Maraqlıdır ki, bu təşəbbüs elə yerli fanatlardan gəlib. Onlar klubun inkişafına tövhə vermək üçün stadiona girişin pullu olmasını istəyiblər.

