Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun "Cəbrayıl" komandası ilə görüş keçirdiyini xəbər vermişdik.
Görəsən, görüşdə nələr baş verib? Bundan sonra başçının klubun gələcək planlarında nə kimi rolu olacaq? Ümumiyyətlə, komandaya hər hansı formada dəstək olması gözlənilirmi?
Bütün bu suallara cavab tapmaq üçün bölgə klubunun prezidenti Cavid Hüseynovla əlaqə saxladıq.
Sportinfo.az-a açıqlamasında Hüseynov bunları dedi:
"İcra Hakimiyyətinin başçısı Kamal müəllimlə daha əvvəl 3 dəfə görüşüm olub. Sadəcə komanda üzvləri ilə görüşmək istəyini bildirdi. Həm də bu, bizim də ümumi fikrimiz idi. Amma Kamal müəllimin işlərinin çoxluğundan belə bir görüş bu günlərə təsadüf elədi.
Başçımız özü futbolu sevən biridir. Bu idman növünün incəliklərini yaxşı bilir. Komanda yaratmağın və saxlamağın nə qədər çətin olduğunu da bilir. Əsas da vacib olan yaxşı maliyyənin olmasıdır. Ki, istədiyin nəticələrə doğru inamla irəliləyə biləsən.
İnşallah, komandanın daha da yaxşı olması üçün əlindən gələni edəcəyini bildirdi. Əl-ələ verib işləyəcəyik. Doğma Cəbrayılımızın komandasını yaxşı komanda kimi formalaşdırmaq niyyətindəyik. Bu, həm mənim, həm direktorumuz Şahin müəllimin, həm də icra başçısı və bir Cəbrayıllı olaraq Kamal müəllimin fikridir. İnşallah, qarşıda bizi daha böyük uğurlar gözləyir".
XANOĞLAN

