“Açığını demək lazımdırsa, AFFA-nin Mingəçevir futboluna diqqət ayırmasını çoxdan istəyirdik”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Pro” kateqoriyalı məşqçi Ramiz Məmmədov deyib.
Mingəçevir futbol məktəbinin məzunu olan təcrübəli mütəxəssis federasiyanın bu şəhərdə yeni klub yaratması fikrini dəstəkləyib.
Xəbər verdiyimiz kimi, AFFA Mingəçevir Şəhər İcra Hakimiyyətinə yeni təklif irəli sürüb.
Qurum burada yeni futbol klubunun təsis olunması təşəbbüsü ilə çıxış edib. Şəhərin adını daşıyacaq komandanın növbəti mövsüm I Divizionda iştirakı nəzərdə tutulub.
AFFA yerli İH-ə klubun yaradılması yönündə birgə fəaliyyət göstərməyi təklif edib. Bura “Mingəçevir”in texniki bazasının formalaşdırılmasına köməklik göstərilməsi daxildir.
Federasiyanın istəyi budur ki, İcra hakimiyyəti köhnə infrastrukturun bərpasında maliyyə cəhətdən iştirak etsin. Klubun yaşaması üçün lazım olan əsas vəsait isə AFFA tərəfindən təşkil olunacaq. Hər halda təklif bundan ibarətdir.
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov noyabrın 17-də Mingəçevir şəhərində olub.
O, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla birlikdə Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb, uşaqların məşqini izləyib.
Region Liqasının Şimal-Qərb regionunda mübarizə aparan “Energetik” “Azərenerji”nin balansındadır.
“Işıqçılar”ın müxtəlif dövlət qurumlarına külli miqdarda borcu var. “Azərenerji” nə həmin borcların ödənilməsini öz üzərinə götürür, nə də klubun cari xərclərini qarşılayır.
R.Məmmədov Mingəçevirin böyük futbol ənənəsinin olduğunu xatırladıb, yeni yaradılacaq klubun qısa müddətdə adından söz etdirə biləcəyini vurğulayıb:
“Bu şəhərdə həmişə istedadlı uşaqlar yetişib. İndiyə qədər problerm odur ki, şərait düzəldən yoxdur.
Düzdür, AFFA-nın burada futbolu dirçəltmək istəməsi ilə bağlı planlarının olmasını mən də eşitmişəm, ancaq bunu nə vaxt reallaşdıracaqlarını bilmirəm.
Nə qədər tez olsa, bir o qədər yaxşıdır. Bir neçə il qabaq AFFA-ya belə bir ideya vermişdim, təşkilatı və digər məsələlərdə öz köməkliyimi təklif etmişdim.
Bu gün də həmin fikrimdə qalıram. Mingəçevir Premyer Liqada təmsil olunmalıdır. Biz də əlimizdən gələn dəstəyi AFFA-ya verməyə hazırlıq ki, yeni yaranan klub ölkəmizin futbol həyatına fayda versin.
İnanın, Mingəçevirdə peşəkar klub olsa, bir neçə il sonra bütün yaş qrupları üzrə milli komandaları perspektivli yeniyetmə və gənclərlə təmin edə bilərik. Burada istedadlı uşaqlar bulaq kimi qaynayır”.

