AFFA «Xan Lənkəran»ın rəhbərliyi ilə bağlı araşdırmaya başlayıb.
Federasiya ötən ilin yayında yaradılan klubun arxasında dayanan şəxslərin kimliyini müəyyənəşdirmək marağındadır.
Qurum «Palmali»nin prezidenti Mübariz Mənsimovun «Xan»ın əsl sahibi olmasından şübhələnir.
Region Liqasında mübarizə aparan komandanın prezidenti olaraq göstərilən Pərviz Hüseynovun ötən ay İstanbulda onunla görüşməsi və iki klubun birləşdirilməsi yönündə verilən açıqlamalar AFFA-nın bədgümanlığını bir qədər də artırıb.
Rövnəq Abdullayev SOCAP-ın başından kənarlaşdırılsa da, hər halda yenə AFFA-nın prezidenti olaraq qalmaqdadır.
Mənsimovun məhz onunla münasibətlərinin korlanması səbəbindən «Xəzər Lənkəran»ın fəaliyyətini dayandırması məlumdur.
Türkiyədə yaşayan iş adamı Abdullayevin neft şirkətindən ayrılmasından sonra futbola tərəf meyllənib və bunu «Xan Lənkəran»ın prezidentinin onunla görüşündən çəkilən şəkli və verilən açıqlamalar da göstərir.
AFFA-nı narahat edən məqam elə bundan irəli gəlir. Federasiya Mənsimovun başqa adla bu sahəyə dönüşünü hər cür yolla önləmək niyyətindədir.
Əgər Lənkəran futbolsevərləri təkid etməsə, biz «Xan»ı gələn mövsüm J Divizionun iştirakçıları arasında görməyəcəyik. Çünki AFFA yeni yaranan klubun peşəkar status alaraq, ölkə çempionatının aşağı dəstəsində mübarizə aparmasında maraqsızdır.
SPORTİNFO.AZ

