"Qrupda birinci olduq, indi də çempionluq yolunda irəliləmək istəyirik".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Xan Lənkəran"ın baş məşqçisi İbrahim Uzunca deyib.
Yeni yaranmış klub Region Liqasının Cənub zonasında çıxışını başa vurub. Qrup lideri kimi pley-off mərhələsinə vəsiqə qazanan "ağ-yaşıllar" debüt mövsümündə çempionluq sevinci yaşamaq iddiasındadır.
Vaxtilə Premyer Liqada "Bakı"nı çalışdırmış türkiyəli mütəxəssis "Xan Lənkəran"ı hədəfinə çatdıracağına inanır:
"Kifayət qədər yaxşı, təcrübəli heyətimiz var. Qrup mərhələsində göstərdiyimiz oyun və qazandığımız nəticələrlə bunu göstərdik.
Komandamızda səmimi bir ortam yaranıb. Rəhbərliyimiz və azarkeşlərimiz daim futbolçuların yanında, onları dəstəkləyir.
Hər matça xüsusi yanaşırıq və istəyirik ki, "Xan Lənkəran"a növbəti qələbələrin sevincini yaşadaq.
Bilirsiz ki, mən inişil Qubada da işləmişəm, "Şahdağ"ın baş məşqçisi olmuşam. Region Liqasına ovaxtdan bələdəm.
Lənkəran azarkeşlərinə yalnız qələbələr yaraşır. Allahın izni ilə onları məmnun edərik. Bunu mən də, hər bir futbolçum da arzulayır.
Hazırda Lənkərandayıq, gündəlik məşq edirik və uğur qazanmaqdan başqa heç nə barədə fikirləşmirik".

