AFFA Mingəçevir Şəhər İcra Hakimiyyətinə yeni təklif irəli sürüb.
Bu haqda federasiyadan Sportinfo.az-a məlumat daxil olub.
Redaksiyamıza verilən informasiyaya görə, qurum burada yeni futbol klubunun təsis olunması təşəbbüsü ilə çıxış edib. Şəhərin adını daşıyacaq komandanın növbəti mövsüm I Divizionda iştirakı nəzərdə tutulub.
AFFA yerli İH-ə klubun yaradılması yönündə birgə fəaliyyət göstərməyi təklif edib. Bura “Mingəçevir”in texniki bazasının formalaşdırılmasına köməklik göstərilməsi daxildir.
Federasiyanın istəyi budur ki, İcra hakimiyyəti köhnə infrastrukturun bərpasında maliyyə cəhətdən iştirak etsin. Klubun yaşaması üçün lazım olan əsas vəsait isə AFFA tərəfindən təşkil olunacaq. Hər halda təklif bundan ibarətdir.
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov noyabrın 17-də Mingəçevir şəhərində olub.
O, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla birlikdə Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb, uşaqların məşqini izləyib.
Region Liqasının Şimal-Qərb regionunda mübarizə aparan “Energetik” “Azərenerji”nin balansındadır.
“Işıqçılar”ın müxtəlif dövlət qurumlarına külli miqdarda borcu var. “Azərenerji” nə həmin borcların ödənilməsini öz üzərinə götürür, nə də klubun cari xərclərini qarşılayır.
AFFA iyun-iyul aylarında Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda təmir işlərinə start verəcək.
Ilkin mərhələdə yalnız meydançanın yenilənməsi plandadır. Təbii ot örtüyünün sünu qazonla əvəzlənəcəyi dəqiqləşib.
SPORTİNFO.AZ

