Növbəti mövsüm I Divzionda 8 komanda mübarizə apara bilər.
AFFA Məşqçilər Komitəsi bununla bağlı təklif hazırlayıb və federasiya rəhbərliyinə təqdim edib.
Buna əsasən, Premyer Liqa klublarının əvəzedici komandaları yarış iştirakçıları arasında yer almayacaq, yəni, onların çempionatı ayrıca keçiriləcək.
Cari sezonda I Divizionda mübarizə aparanların sayı 13-dür. Onlardan 8-i elita təmsilçilərinin “dubl”udur.
MOİK, “Turan Tovuz”, “Kəpəz”, “Zaqatala” və “Qaradağ Lökbatan” – bunlar da ənənəvi “sakinlər”dir. Adlarını çəkdiyimiz bu komandalardan 2-si gələn “futbol ili”ni Premyer Liqada keçirəcək.
Hər halda AFFA yüksək liqada çıxış edənlərin sayını onların hesabına 8-dən 10-a çatdıracağını açıqlayıb.
Komitə təklif edib ki, I Diviziona Region Liqasından 5 komanda dəvət olunsun və seçim vaxtı rayon təmsilçilərinə üstünlük verilsin. Federasiya bu məsələni mart-aprel aylarında müzakirəyə çıxarmağı nəzərdə tutub.
SPORTİNFO.AZ

