“Xəzər Lənkəran“ Mərkəzi Stadionunun təmiri üçün minimum nə qədər vəsaitə ehtiyac olduğu bilinib.
Son bir neçə ildə baxımsız vəziyyətdə qalan və oğurluğa məruz qalan arenanda əsaslı şəkildə yenidənqurulma aparılması üçün tələb olunan büdcə 1 milyon manatdan çoxdur.
“Xan Lənkəran” rəhbərliyi həm bu xərci, həm də stadionun saxlanılması üçün lazım olacaq vəsaiti ödəməyə hazırdır. Yetər ki, idman qurğusunun təsisçiləri arasında onlar da yer alsın.
Bu isə ciddi problemə oxşayır. Çünki stadion Mais Mənsimovun adına rəsmi qeydiyyatdan keçib.
“Xəzər Lənkəran” PFK-nın prezidenti Region Liqasının yeni iştirakçısı ilə hansısa sövdələşməyə getməyə həvəs göstərmir.
Mais Mənsimov bugünlərdə Lənkəranda olub. Burada özünə yaxın bildiyi şəxslərlə görüşən iş adamı klubun fəaliyyətini bərpa edəcəyi ilə bağlı son günlər yayılmış xəbərlərə aydınlıq gətirib.
O bildirib ki, yaxın vaxtlarda "Xəzər Lənkəran"ın dönüşünə inanmır, çünki bunun üçün real maliyyə dəstəyi yoxdur.
Mübariz Mənsimovun qardaşı qeyd edib ki, vaxtilə klubun yaşaması naminə xeyli vəsait xərcləyib və yenidən həmin problemlə üzləşmək istəmir.
Mais Mənsimov onun adında olan klubun möhür və ştampını “Xan Lənkəran”a verməkdən imtina edib. Ümumiyyətlə, o, iki klubun burləşməsi yönündə aparılan danışıqları dəstəkləməyib.
"Xan Lənkəran"ın prezidenti Pərviz Hüseynovla Türkiyədə "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovla görüşüb.
Burada "Xəzər Lənkəran Mərkəzi Stadionu" və stadionun bazası haqqında razılıq əldə edilib. Anlaşmaya əsasən, "Xan Lənkəran" öz ev oyunlarını "Xəzər Lənkəran"a məxsus stadionda keçirəcək.
Verilən rəsmi informasiyada həmçinin Mübariz Mənsimovun "Xəzər Lənkəran" adını "Xan Lənkəran"ın prezidentinin ixtiyarına verməsi də qeyd olunub.
Fəqət, Mais Mənsimov "Xan Lənkəran" rəsmiləri ilə görüşdən imtina edib. O, uzun illər rəhbəri olduğu klubun sənədlərini özündə saxlayacağını bildirib.
SPORTİNFO.AZ

