Mübariz Mənsimov "Xəzər"i Lənkərana qaytarmaq istəyir, bəs "Xan"ın o qədər pulu varmı?

11 Fevral 2022 11:40 Region Liqası 2 444
Mübariz Mənsimov "Xəzər"i Lənkərana qaytarmaq istəyir, bəs "Xan"ın o qədər pulu varmı?

Dünən xəbər verildiyi kimi, «Xan Lənkəran»ın prezidenti Pərviz Hüseynov «Xəzər Lənkəran»ın sahibi Mübariz Mənsimovla görüşüb.
İstanbuda baş tutan görüşdə hər iki klubla bağlı cari məsələlər müzakirə olunub.

Anlaşmaya əsasən, «Xəzər Lənkəran» Mərkəzi Stadionu yenidən Region Liqası təmsilçisinin ixtiyarına verilib.

Həvəskar komanda ev oyunları ilə yanaşı, gündəlik məşqəri də burada keçirəcək. Həmçinin baza və otel onların sərəncamında olacaq.

Ən mühüm razılaşma isə heç şübhəsiz, adla əlaqədardır. Belə ki, Mənsimov həmkarı ilə söhbətində «Xan Lənkəran»ın «Xəzər Lənkəran» adı altında çıxış etməsinə razılıq verib. Yəni, qarşı tərəf istədiyi vaxt hüquqi proseduru başlada bilər.

Əlbəttə, bu, uzun və çətin gəlişmədir. «Halva-halva» deməklə ağız şirin olmur. 2016-cı ildə Premyer Liqadan çəkilən «Xəzər Lənkəran» 2 il öncə fəaliyyətini tamamilə dayandırıb.

Ondan geriyə külli miqdarda borc var. Burada çıxış etmiş əksər legionerlər «ağ-yaşıllar»dan FİFA-ya şikayətçidir.

Beynəlxalq futbol qurumu 2004-cü ildə yaranmış klubun keçmiş futbolçularına milyonlarla dollar borclu olmasına dair müxtəlif qərarlar çıxarıb.

FİFA bu səbəbdən «Xəzər Lənkəran»ın peşəkar statuslu yarışlarda iştirakına veto qoyub. Qadağanın götürülməsi üçün ilk növbədə köhnə borcların ödənilməsi lazımdır.

Hə, bu da mümkündür ki, «Xəzər Lənkəran» adını götürmək istəyən «Xan Lənkəran» rəhbərliyi şikayətçi futbolçularla görüşərək, onları razı salacaq addımlar atsın.

Ya hər oyunçuya istədiyi məbləği ödəyəcəklər, ya da güzəştə getmələrinə nail olacaqlar. Narazılar tələblərinin yerinə yetirilməsinə dair sənədə qol çəkib FİFA-ya göndərəndən sonra «Xəzər Lənkəran»ın önündə «yaşıl işıq» yandırıla bilər.

Ya da ki, «Xəzər Lənkəran» vəkillər vasitəsilə məhkəməyə baş vurmalıdır. Bu, sonu uğur gətirməsi az inandırıcı olan yoldur.

Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS), adətən, belə işlərə qısa vaxtda baxmır. Proses bəzən aylarla, hətta illərlə çəkə bilər.

Pərviz Hüseynov hələlik mətbuat üçün «qapalı qutu»dur. «Xan Lənkəran»ın yaradıcısının kimliyi və maliyyə imkanları barədə KİV-ə çox şey məlum deyil.

Ara-sıra mediaya sızan informasiyalar da yetərsizdir və adıçəkilən iş adamı haqda dolğun fikir formalaşdırmır.

Rusiyada biznesi olan P.Hüseynov «Xəzər Lənkəran»ın borclarını bağlasa belə, komandanı öncə I Divizionda, ardınca Premyer Liqada saxlaya bilməsi sual altındadır.

Bunun üçün onun geniş biznesi olmalıdır. Hələlik isə yalnız Moskvada siqaret ticarətindən pul qazanması məlumdur.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti