“Azərbaycanda 1-2 rayon, şəhər var ki, adam meydana çıxanda özünü futbolçu kimi hiss edir.
Lənkəran həmin bölgələrin arasında birincidir”.
“Xan Lənkəran”ın hücumçusu Röyal Nəcəfov Sportinfo.az-a açıqlamasında Lənkəranda gördüklərindən, lənkəranlı futbolsevərlərdən danışıb.
31 yaşlı futbolçu cənublu fanatların tələbkarlığını, futbola olan sevgisini xüsusi şəkildə qabardıb. Hətta Lənkəranı Türkiyənin tanınmış şəhəri ilə müqayisə edib.
“Türkiyədə oynamışam deyə, oradakı ab-hava ilə tanışam. Lənkəran Azərbaycanın Trabzonudur deyərdim.
Səmimiyyətimə inanın, Lənkəranda elə adam yoxdur ki, futbolu sevməsin, futbolla maraqlanmasın.
Hətta stadiona gəlməyən insan belə, futbolla maraqlanır. Doğma komandalarına çox bağlıdırlar, hədsiz tələbkardırlar”.
Röyal söhbətin davamında bu yaxınlarda şahidi olduğu maraqlı hadisəni bu cür xatırlayır:
“Bildiyiniz kimi, “Xan Lənkəran”ın forma rəngləri qırmızı-qara və göy-qaraydı. Azarkeşlərin rəhbərlikdən istəyi forma rənglərinin ağ-yaşıl olmasaydı ki, rəhbərlik dərhal bunu nəzərə aldı.
Hətta loqo da dəyişdirildi. Azarkeşlər ağ-yaşıl rənglərə öyrəşib, bu rənglərə bağlıdır”.
Röyal Nəcəfov 6 qolla “Xan Lənkəran”ın ən məhsuldar futbolçusudur. O, karyerası ərzində “Qarabağ”, MOİK, “Şuşa”, “Bakılı”, AZAL, “Malatya Belediyespor”, “Ağrıspor”, “Sandıklıspor” kimi komandaların şərəfini qoruyub, Azərbaycanın U-17 millisinin formasını geyinib.
HƏBİB

