Sportinfo.az “Xan Lənkəran”ın vitse-prezidenti Rəhman Abasovun müsahibəsini təqdim edir:
“Antalyaya gəlməyimiz həm Azərbaycan, həm də Region Liqası üçün müsbət addımdı”
- Lənkəran şəhəri uzun müddət idi futbolsuz qalmışdı. Hamıya bu bölgədə “idmanın şahı”na olan sevgi bəllidi. Bu amili nəzərə alaraq “Xan Lənkəran”ı yaratmağa qərar verdiz?
- Doğru buyurursuz. Bizim başqa səbəbimiz yox idi. “Mamusta” adlı klub fəaliyyət göstərirdi. Kəndin uşaqları yığışıb, futbol oynayırdılar. Qonşu kəndlərdən də gənclər burda çıxış etməyə başladılar. Beləcə “Xan Lənkəran”ın formalaşma prosesi start götürdü. Klubun təsisçisinin bir məqsədi var: Azərbaycanın gələcək nəslinin sağlam yetişməsi. Bu səbəbdən də klub fəaliyyətə başladı, işlər görüldü. Məqsədimiz odu ki, övladlarımız həm təhsillə, həm də idmanla elə məşğul olsunlar ki, sağlam gələcəyimiz formalaşsın. Təbii ki, idmanla məşğul olanların hamısının yaxşı karyerası olmur. Sadəcə, buna sağlamlıq kimi baxmaq lazımdı. İdman pis vərdişlərdən uzaqlaşmaqdı. Ürəyimizdə bir istək var: klubun formalaşdığı ərazinin ətrafında yaşayan uşaqlar sağlam böyüsünlər. Əsas fikrimiz budu. Ola bilər ki, kimsə futbolçu olsun, kimsə olmasın.
- Belə başa düşdük ki, “Xan Lənkəran” təkcə futbol klubu kimi fəaliyyətə başlamayıb. Yaxşı idmançı və futbolçu yetişdirmək haqda düşünürsüz. Bunun üçün məktəb və ya akademiya yaradacaqsız?
- İnşallah. Planlarımız çoxdu. Mən sizə səmimi bir şey demək istəyirəm. Siz indi məndən müsahibə götürürsüz və mən buna uyğun cavab verməliyəm. Amma “Xan Lənkəran” işləri ilə nəsə etdiyini ictimaiyyətə göstərmək istəyir. İndidən açıqlama verə bilərik ki, bunu edəcəyik, elə olacaq. İnşallah, növbəti dəfə sizinlə görüşdə gördüyümüz işlərin hesabatını verərik. Bundan sonra özünüz həyata keçirdiklərimizi ictimaiyyətə təqdim edəsiz.
- Belə başa düşdüm ki, danışmaqdan çox iş görməyi planlaşdırırsız. Onda ictimaiyyət üçün maraqlı olan bir sualı vermək istəyirəm. Region Liqasında çıxış edən klubun Antalyada təlim-məşq toplanışı keçməsi nə qədər vacib idi?
- Gəlin buna başqa prizmadan yanaşaq. Komanda bu gün Antalyaya gəlib, maliyyə ayrılıb, yoldaşlıq oyunları keçirilib, çempionatın ikinci yarısına hazırlaşırıqsa, bu, yaxşı addımdı. Bu gün xaricdə yaşayan kifayət qədər azərbaycanlı milyonçu var. Onlar görürlər ki, Region Liqasında çıxış edən bir klub Antalyaya təlim-məşq toplanışına gedə bilir. Antalyaya gəlməyimiz həm Azərbaycan, həm də Region Liqası üçün müsbət addımdı. Nəticədən asılı olmayaraq, gözəl prosesdi. Yerləşdiyimiz oteldə nə qədər qonaqlar, klublar var. Onlar üçün də maraqlıdı ki, “Xan Lənkəran” necə klubdu. Özünüz də şahidi olduz ki, aşağı liqalarda çıxış edən klublar təlim-məşq toplanışına gəliblər. Bu söhbəti hara fırlatsaq, müsbət məqam qarşımıza çıxır. İndi kimsə fərqli düşünür, qəbul edir. Biz onların baxış bucağına təsir edə bilmərik. Atdığımız addımın doğru olduğunu düşünürük. Sağlıq olsun, bəlkə Antalyadan qayıdandan sonra elə bir xəbər çıxdı ki, onlar niyə belə şey etdiyimizi başa düşdülər.
“AFFA-dan qaydalar baxımından asılıyıq”
- Region Liqasında “Xan Lənkəran” üçün əsas rəqib kimdi?
- Çempionatda mübarizə aparan bütün klublar. Meydanda bizə qarşı oynayan hamı. Təbii ki, final fitinə qədər. Matç bitəndən sonra biz dost, yoldaşıq. Bir daha söyləyirəm, bizə qarşı mübarizə aparan bütün klublar rəqibimizdi. Onlara hörmət bəsləyirik. Bu gün deyə bilmərik ki, biz çox güclüyük. Belə anlayış yoxdu. Hamıya hörmətlə yanaşmaq hər kəsin borcudu.
- Bu gün hamı istəyir ki, “Xan Lənkəran” növbəti mövsüm birinci divizonda çıxış etsin. Bu istiqamətdə hansı işləri görürsüz?
- Hadisələri qabaqlamaq istəmirəm. Hər dəqiqənin öz hökmü var. Bu gün tam olaraq Region Liqasına köklənmişik. Amma deyə bilərəm ki, öz işlərimizi görürük. Nələr etmək istəyirik - bunların hamısını görəcəksiz.
- Bilirik ki, klub rəhbərliyi mövsümün əvvəlində Elxan Məmmədovla görüşüb. Başqa kimlər sizinlə maraqlanıb. Məsələn, Ramin Musayevlə görüşmüsüz? Ümumiyyətlə, futbol ictimaiyyətdən kimsə sizinlə maraqlanıb?
- Xeyr! Elxan müəllimin regionlara səfəri zamanı görüşümüz olub. Bizə tövsiyələrini verib. Nəyi necə etmək istədiyimizi onlara bildirmişik. İşlərin görülməsi istiqamətində hansısa dəstəyin olması barədə də söhbətimiz olub. Elxan Məmmədov Region Liqasında belə klubun olmasını dəstəkləyib.
- Bu görüşlərdən sonra lənkəranlılarda, ümumiyyətlə, cənublularda belə fikir formalaşdı ki, “Xan Lənkəran” tam müstəqil olmayacaq. Həqiqətən belədi? “Xan Lənkəran” federasiyadan asılı olacaq? Yoxsa tam sərbəst idarə olunan klub olacaqsız?
- Bizim federasiyadan hansısa asılılığımız yoxdu. Sadəcə, tələb olunan şərtləri yerinə yetiririk. Qaydalar baxımından asılıyıq. Əsasnamədə tələb olunanları yerinə yetirmək istəyirik. Bunu da etmək hamının borcudu. Qaydaları yerinə yetirməkdə bütün Azərbaycan klubları bərabərhüquqludu.
“Əsas məsələ futbolun yenidən Lənkərana qayıtmasıdı”
- Azarkeşlərlə işləmək prinsipiniz əladı desək, yanılmarıq. Onların istəyi ilə klubun rənglərini ağ və yaşıl etdiz. Ümumiyyətlə, “Xan Lənkəran”ın istəyi “Xəzər Lənkəran”a olan sevgi üzərində fəaliyyət göstərməkdi, yoxsa fərqli istiqamətdə işlər görəcəksiz?
- Belə deyim. “Xan Lənkəran”, “Xəzər Lənkəran” və ya sabah cənub zonasında başqa adda klub fəaliyyət göstərə bilər. Məsələn, kimsə “Port Lənkəran” klubu yarada bilər. Hər şey ola bilər. Bu o demək deyil ki, tam onun davamıdı. Əsas məsələ futbolun yenidən Lənkərana qayıtmasıdı. Tək cənub bölgəsi üçün nələrsə etmirik. Sosial şəbəkələrdə baxanda görürük ki, bu klubun yaranmasına hamı sevinir. Premyer-liqada çıxış edən klubların azarkeşləri bizə yazır. Deyirlər istəyirik ki, əsas çempionata gələsiz. Rəhbərliyə təşəkkür edirlər ki, belə klub yaradıb. Kimsə başqa şey axtarırsa, bu onun şəxsi işidi. Biz həmin şəxslərin də fikirlərinə hörmətlə yanaşırıq. İnsandı da, öz fikri var. Allah həmin insanlara çoxlu pul yetirsin. Düşünürlər ki, “Xan Lənkəran” Antalyaya getməklə səhv addım atıb, onlar bunu etməsinlər…
- Bir çoxumuz illər əvvəl “böyük oyun”a baxmışıq. Əminəm ki, siz də bu görüşün həsrətindəsiz. Hətta yoxlama matçında “Neftçi-2” ilə oyununuz böyük marağa səbəb oldu. “Xan Lənkəran” üçün də gələcəkdə əsas rəqib “Neftçi” olacaq? Yoxsa ümumiyyətlə, bütün Azərbaycan klubları ilə rəqabət aparmaq istəyirsiz?
- Meydana çıxanda bizim üçün fərqi yoxdu. Bayaq dediyim kimi, hamı bizim rəqibimizdi. Bizə kim necə davranacaq, hörmət edəcək, biz də eyni qaydada. Bir sözlə, hamı bizim üçün rəqibdi.
- 6 ay ərzində qarşılaşdığınız hansı çətinliklər olub?
- Bu gün yaxşı heyət və klub formalaşdırmışıq. Bundan sonra da atdığımız addımlara diqqət edəcəyik. Verdiyimiz qərarları belə düşünmüşük. Hazırda heç kimdən şikayətimiz yoxdu. Bəziləri bizimlə bağlı sosial şəbəkələrdə yazır. Onlara heç nə demirəm. Bir şeyi düşünmək lazımdı ki, indiki zamanda klub rəhbəri Azərbaycan futboluna gəlibsə, nəsə edirsə, “Allah xeyrinizi versin” deyin də heç olmasa. Gəlin, belə danışaq. Bu gün “Xan Lənkəran”da olan futbolçuların keçmişini araşdırsaq, hardan çıxdıqları bəllidi. Bu uşaqların bəziləri artıq futbolçu karyerasını bitirmişdi. Onların qəlbindəki futbol sevgisini geri qaytarmaq, yaşatmaq bizim üçün xoşdu. Görürsüz ki, bu gün bizdə çıxış edən hansısa futbolçunun vaxtilə möhtəşəm karyerası olub. İndi komandanın baş məşqçisi onları görür və əminliklə deyir ki, möhtəşəm qayıdış olacaq. Yəni kimsə iş görürsə, gəlin, ona xeyir arzulayaq. Yenə qayıtmaq istəyirəm AFFA-dan asılılıq məsələsinə. Bir iş görmək istəyirik. Federasiya qaydalar tətbiq edib. Biz nə etsək də, o qaydalardan asılıyıq. İstəyir Lənkəran klubu olaq, istəyir Qusar. Azərbaycanın daxilində AFFA-nın tərtib etdiyi qaydalara riayət etməliyik. Bilirsiz, fikirlərimiz çoxdu. İstəyirik ki, hər şey əla olsun.
“Burdan onlara səslənirəm, öz kəndiniz, rayonunuz üçün nəsə edin”
- Planda Lənkəranda yeni stadion tikdirmək var? Qobustanda yeni arena inşa etdirirsiz. Olmaz ki, Lənkəranda kluba məxsus stadion tikəsiz?
- Hazırda bununla bağlı nəsə söyləyə bilmərəm. Amma Qobustan məsələsini lağlağı edən şəxslərə bir söz demək istəyirəm. Bu adam həmin stadionu başqa dövlətdə tikməyib. Azərbaycanın daxilində, öz övladlarımız üçün bunu edirik. Həmin şəxslərə demək istəyirəm ki, gəlin, düzgün yanaşaq məsələlərə. Kimsə harasa gedir, yolda görür ki, birinə kömək lazımdı. Cibindən böyük məbləğdə pulu çıxarıb həmin şəxsə verir. Bir jest edir. İndi bəzəməyə nə ehtiyac var?
- Belə bir atalar sözü var: əl əli yuyar, əl də üzü. “Xan Lənkəran” birinci diviziona və ya gələcəkdə premyer-liqaya vəsiqə qazansa, “Qobustan”dan farmklub kimi istifadə edəcək? Yoxsa bu arena Qobustan camaatına hədiyyə idi?
- Vallah, inanın səmiyyətimə, bu hədiyyədən başqa nəsə deyildi. Onların sıxıntıları var idi deyə, belə bir şey etdik. Eşitdik, bildik, imkanımız çatdı. Klub rəhbərliyi də belə bir addım atdı. Vallah, media bunu yaxşı işıqlandırmalıdı ki, xaricdə yaşayan azərbaycanlılar görsünlər. Onlar da bizim addımı davam etdirsinlər. Azərbaycandan kənarda o qədər imkanlı şəxs var ki… Onlar da bu işi davam etdirə bilərlər. Burdan onlara səslənirəm, öz kəndiniz, rayonunuz üçün nəsə edin. Ən azı uşaqların sağlamlığını düşünün.
- Azərbaycan klubları, demək olar ki, bir əldən idarə olunur. “Xan Lənkəran”da bu struktur necə olacaq? Yeni yaratdığınız klub bir şirkətdən asılı olacaq, yoxsa başqa kompaniyalar da sizə dəstək verəcək?
- Bunu gələcək göstərəcək. Hadisələrin axarı haqda öncədən nəsə deyə bilmərik. Biz bu gün öz yolumuzu gedirik. Bir istiqamətdən bəhrələnirik. Başqa fikrimiz yoxdu. Bir məqsədimiz var: gücümüz çatan qədər futbolu gözəlləşdirmək istəyirik. Bu işə başlamışıq. Gücümüz çatmayan nəsə olsa, əlimizdən gələni edəcəyik ki, yolumuza davam edək (Futbol+).

