İş adamları bu kluba maliyyə ayırmaq üçün növbəyə düzülüb - AZƏRBAYCANDA

7 Fevral 2022 20:00 Region Liqası 2 679
İş adamları bu kluba maliyyə ayırmaq üçün növbəyə düzülüb - AZƏRBAYCANDA

Böyük futbol bölgələrdən qaçaq düşsə də, müxtəlif şəhər və rayonlardakı insanlar bu oyunun həyəcanı ilə yaşayır.

Təkcə Region Liqasındakı oyunlara hansı sayda azarkeşin gəldiyinə nəzər salmaq kifayət edir.

Futbola könül verən imkanlılar sevimli şəhərinin komandasını Premyer Liqada görməyi arzu edir. Bunun üçün komandaya hansısa yöndə dəstək verir, ciblərinin pulundan keçirlər.

İllərdir maliyyə burulğanında boğulan Mingəçevir futbolu da əvvəlki əzəmətini qaytarmağı hədəfləyib. Bunu görmək üçün Region Liqasında iştirak edən “Energetik”in “feysbuk” səhifəsinə baxmaq kifayətdir.

“Energetik”in ötən həftə “Göyəzən” üzərində əldə etdiyi 5:0-lıq qələbədən sonra Mingəçevirin iş adamları komandaya baş çəkib:

“Dünən qazanılan qələbədən sonra Vüqar Qədimov (MRT İnşaat), Mais Yusibov (5+ Supermarket) və iş adamı Arif Babayev komandamızla görüşərək maddi və mənəvi dəstək olublar. Gələcəkdə bu ənənəyə başqa iş adamlarının da qoşulmasını arzulayırıq”.

Alqışalayiq addım olduğunu xüsusi qeyd etməyə gərək yoxdur. İmkanlı şəxslərin ölkə və şəhər futboluna bu cür həssas yanaşması gənc və yeniyetmələrdə gələcəyə dair xoş inam yaradır, komandanın faktiki üzvlərini həvəsləndirir.

Məsələylə bağlı ətraflı məlumat almaq üçün “Energetik”də köməkçi-məşqçi kimi çalışan Azər Həşimovla əlaqə saxladıq.

Vaxtilə “Qəbələ”, “Şəmkir”, “Karvan” kimi komandaların şərəfini qorumuş Həşimov Sportinfo.az-a açıqlamasında vəziyyəti bu cür izah etdi:

“İlk növbədə onu deyim ki, klubun “Energetik” adını daşımasına baxmayaraq, bizə “Azərenerji”dən, yaxud bu adı özündə daşıyan başqa qurumlardan dəstək yoxdur.

O vaxt Şıxməmmədov Aslanov var idi, Allah ona rəhmət eləsin, Mingəçevir DRES-nin direktoru idi. Rətməliyin dövründə kluba maaş da ayrılırdı, mükafat da verilirdi.

Bu yaxınlarda Bakıda Şıxməmməd müəllimin oğlu Aslan Aslanovu gördüm. Özü də futbol oynayıb, futbolla yaşayan adamdır.

Mingəçevir futbolundakı problemlərlə maraqlandı, lazım olan məlumatları verdim. Sağ olsun, maddi və mənəvi planda dəstək verdi.

Uzun müddətdir davam edən imkansızlıqdan sonra ilk dəstək Aslan qardaşımızdan gəldi.

Düşündük ki, maaş verə bilməsək də, heç olmasa, qələbələrə görə mükafat təyin edək. Ən azından meydana nə üçün çıxdıqlarını bilsinlər.

Ondan sonra şəhərin iş adamları sağ olsun, komandaya maddi dəstək verməyə başladı.

Vüqar Qədimov Vətən Müharibəsində daim orduya dəstək verən, hər cür köməklik göstərən insandır. Bu gün “Energetik”ə əl tutur.

Həmçinin Arif Babayevlə Mais Yusibov. Allah hər birindən razı olsun, Hərəsi imkanı çatan qədər əl tutur, dəstək olur.

İnşallah, uşaqlar öz oyunları və qazandıqları nəticələrlə həm Mingəçevir azarkeşlərinin, həm də yanımızda olan insanları sevindirməkdə davam edəcək”.

“Energetik” mübarizə apardığı Region Liqasının Şimal-Qərb və Qərb zonasında keçirdiyi 8 oyundan sonra 22 xal toplamaqla 7 komanda arasında vahid liderdir.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti