"Xəzər Lənkəran"ın fəaliyyətini dayandırmasından sonra keçən hər gün futbol camiəsində klub xatırlanmaqdadır.
Hamıda bir ümid var ki, həmin möhtəşəm klub nə vaxtsa geri dönəcək. Amma hələki 6 illik susqunluq davam edir.
Əvəzində ötən yay Lənkəranı təmsil edən "Xan Lənkəran" adlı klub yaradıldı.
Komandaya qarşı yerli futbol azarkeşləri tərəfindən diqqət birmənalı olmasa da, böyük maraq olduğu da dəqiqdir. Bunu ən azından komandanın ev oyunlarındakı azarkeş izdihamından görə bilərik.
Klub böyümək yolunda hər keçən gün iri addımlar atmaqdadır. Hazırda Azərbaycan futbolunda ən aşağı liqa hesab olun Region Liqasında çıxış etməsinə baxmayaraq, rəhbərlik kollektivin Antalyada təlim-məşq toplanışı keçməsinə şərait yaradıb.
Cənub klubu qardaş ölkədə artıq iki yoxlama görüşü də keçirməyə macal tapıb.
Son oyunda Almaniyanın "Türkspor Dortmund" klubundan məğlubiyyət alan (1-2) bölgə klubu ilk matçda Almaniyanin digər aşağı liqa təmsilçisi "Bişhofverde" klubunu məğlubiyyətə uğratmağı (1-0) bacarmışdı.
Qeyri-rəsmi oyunda olsa da qazanılan minimal hesablı qələbə Lənkəran azarkeşlərinin uzun həsrətinə son qoymuş oldu.
Belə ki, Lənkəran təmsilçisi sonuncu dəfə "Xəzər Lənkəran"nın timsalında əcnəbi klub üzərində qələbəni 2013-cü ildə qazanmışdı.
Belə ki, Avropa Liqasının birinci təsnifat mərhələsində Maltanın "Slima" klubu doğma meydanda Rahid Əmirquliyevin vurduğu yeganə qol sayəsində məğlub edilmişdi.
Nə az, nə çox düz 9 il sonra bir Lənkəran təmsilçisinin əcnəbi klub üzərində qələbəsi baş tutdu. Ümid edək ki, bu uğur ən yaxın müddətdə həvəskar səviyyədən peşəkar mərhələyə qədəm qoyacaq. Və "Xəzər Lənkəran"dan fərqli olaraq, "Xan Lənkəran"nın Avropa arenasında da uğurlarına şahidik edəcəyik.
XANOĞLAN / SPORTİNFO.AZ

