"Qəbələ"ni "yeyəcəkdilər" - Tale Heydərov razı olsaydı…

30 Dekabr 2019 11:59 Qəbələ 2 114
"Qəbələ"ni "yeyəcəkdilər" - Tale Heydərov razı olsaydı…

Milli klub mövsümündə kubokun 1/4 final görüşlərindən sonra uzun fasilə başlandı. Kubokun bu mərhələsində bütün iştirakçıların elita təmsilçiləri olduğunu nəzərə alsaq, nəticələr fasilə dövründə klublara son istiqamətverici göstərişləri kimi qəbul oluna bilər. Üstəlik, yarışın formatı bu məsələni çempionatdan daha qabarıq şəkildə üzə çıxarır.

Beləliklə, yanvar ayı ərzində elitarlar yeniləşmək üçün son cəhdlərini göstərəcəklər. Fevralın 1-də bərpa olunacaq Premyer Liqa turnirinə kimin nə ilə çatacağını indidən söyləmək çətindir. Çünki klubların hələ də ciddi bir planının və yenilik üçün prioritetlərinin olmadığı aşkardır. Hər halda ilkin araşdırmalar göstərir ki, elita təmsilçilərinin, ən azı, transferlərlə bağlı konkret planları yoxdur və ya məhdud çərçivədədir. Ənənə üzrə "oradan-buradan" prinsipi ilə heyətə uyğun gələn adlar axtarılacaq.

Söhbətə "Qəbələ"dən başlamaq olar. Çünki son illərdə əsaslı iş görmək istəyən klubda vəziyyət qeyri-müəyyənliyə üz tutub. Böyük futbol anlayışı ilə əsaslı təsərrüfat qurub, sistemli fəaliyyət üçün zəmin yaratması fonunda əsas komanda ilə bağlı yaranan suallar qeyri-sabitliyin mənbəyinə çevrilməkdədir. Bu vaxta qədər belə klubların sıradan çıxması futbolumuz üçün ağır nəticələnib. Hər dəfə əsas komandanın rəqabətdən çıxması ilə bütün qurulmuş sistem dağılıb. Bunun acı təsirləri mərkəzləşmiş qaydada tənzimlənməyən ölkə futbolunun taleyində də əksini tapır. Buna görə də AFFA-nın uşaq futbolunda nizam-intizam yaradaraq onun təşkilati dayaqlarının möhkəmləndirilməsinə nail olmasına kəskin zərurət yaranıb. Ən azı, sığortalanmış və yaxud dəstəkverici, stimullaşdırıcı tədbirlərə, bu işin məhsuldarlaşmasına təsirli addımlar yetərli olmalıdır. Di gəl ki… AFFA-nı başqa məsələlər daha çox düşündürür.

"Gilan Holdinq" əvvəlki kimi qüdrətli görünmür. Holdinq bir çox biznes strukturlarını bağlayıb, yaxud həmin sahələrdən geri çəkilib. Belə bir vəziyyətdə "Qəbələ" kimi böyük dotasiya tələb edən klubu saxlamaq bu gün üçün "Gilan"a çox çətindir. Tale Heydərov bütün ağırlaşan şərtlərə rəğmən, öz əliylə qurduğu camiəni qorumaq çətinliyinə qatlaşmaqla sözün həqiqi mənasında qəhrəmanlıq etmiş oldu. "Jalə" ilə bağlanan 1,5 illik sponsorluq müqaviləsi "Qəbələ"nin yaşamasını qarantiya altına almış oldu və bu, klubda gözü olanlara əsl gözdağıdır. Həqiqətən Tale Heydərova alqış düşür. Futbolu sevən, qürurunu hər şeydən üstün tutan əsl rəhbər kimi yaddaşlarda qalacaq bir davranış, bir mədəniyyət tərzi ortaya qoydu. AFFA "Qəbələ"ni caynağına alsaydı, nələrin baş verəcəyini təsəvvür eləmək asandır. Pul yazıb, pul siləcəkdilər, futbol və onun inkişafı yaddan çıxacaqdı. "Qəbələ" də olacaqdı AFFA-nın əlinə baxan digər klublar kimi bir "oyuncaq". Qırx il qul kimi yaşamaqdansa, 1 gün azadlığın havasını udmaq daha dəyərlidir.

AFFA-dan asılı klubların heç biri böyüməyib, gün görməyib. Hamısı bir qayda üzrə idarə olunur - sənəddə "beş" göstər, "üç"ünü bəri ötür. Bu, yazılmamış qanundur və cızığından çıxan istənilən idarəçi "vurulur". "Qəbələ"ni də başqa "perspektiv" gözləmirdi, getdikcə kiçiləcəkdi. Heydərovun çəkdiyi əziyyətə heyfi gəldi, mövqeyini yerini bilməyən adamlarını tutmasını görmək istəmədi, onlara mədəni surətdə KOMANDA verdi. Bu cəsarət, bu iradə, bu mübarizlik həqiqi KOMANDİRdə ola bilərdi və oldu.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"