"Qəbələ": "Hazırda növbəti sponsorlarla da danışıqlar gedir" - VİDEO+FOTOLAR

21 Dekabr 2019 00:48 Qəbələ 743
"Qəbələ": "Hazırda növbəti sponsorlarla da danışıqlar gedir" - VİDEO+FOTOLAR

“Qəbələ” İdman Klubu ilə “Jalə” Şirələri arasında sponsorluq müqaviləsi imzalanıb. Sportinfo.az xəbər verir ki, tədbirdə "Qəbələ" İdman Klubunun prezidenti Fariz Nəcəfov və "Jalə"nin Marketinq direktoru Amid Səfərov iştirak ediblər.

Tərəflər arasında 1,5 illik sözləşmə imzalanıb. Müqaviləyə əsasən, "Jalə" brendi əsas komandanın oyun formasında əksini tapacaq.

Fariz Nəcəfov yeni sponsorla əməkdaşlıq barədə fikirlərini açıqlayıb: "Son üç ayda klubun büdcəsi ilə bağlı mətbuatda və sosial şəbəkələrdə müzakirələr gedirdi. Diqqətinizə çatdırım ki, deyilənlərdə də müəyyən həqiqətlər var idi.

Bildiyiniz kimi, klubun təsisçisi "Gilan Holdinq"dir və uzun müddətdir əsas sponsorlardan biri idi. Bizə rəsmi bildiriş olmasa da, şifahi şəkildə büdcənin xeyli azaldılacağı deyilmişdi. Ona görə də sponsor axtarırdıq.

Klubun fəaliyyətini dayandıracağı ilə bağlı söhbətlər də bundan qaynaqlanırdı. Bununla bağlı holdinqin nəzdində olan, müstəqil marketinq siyasəti aparan şirkətlərlə də, başqaları ilə də görüşdük. Hazırda da görüşmələr davam edir. İndi "Jalə" ilə anlaşmışıq.

“Qəbələ” İdman Klubu fəaliyyətini davam etdirir. Sponsor axtarışları bəhrəsini verdi. “Qəbələ” yoluna davam edir. "Qəbələ" kimi klubun dağılması Azərbaycan futbolu üçün böyük bir zərbə ola bilərdi. Hazırda növbəti sponsorlarla da danışıqlar gedir. Ümid edirəm ki, yaxşı büdcə əldə edib, yaxşı nəticələr qazana bilərik”.

Amid Səfərov əməkdaşlıqdan məmnun olduqlarını bildirib: “Jalə” Azərbaycanın müstəqillik dövrünün ilk istehlakçı, qabaqcıl brendlərindəndir. Hazırda brendimiz Azərbaycan bazarında müstəqil marketinq siyasətini yürüdür.

Həmçinin kommersiya planlarını həyata keçirir. Bu il də kommersiya planları çərçivəsində “Qəbələ” ilə əməkdaşlıq planlaşdırırıq. Çox qürurverici haldır ki, Azərbaycanın ən köklü brendlərindən olaraq ölkə idmanına, ölkə futboluna öz dəstəyimizi verməyə başlayırıq.

Eyni zamanda, “Qəbələ” də Azərbaycanın hərtərəfli yüksək infrastrukturlu gənc idmançılara dəstək verən klubudur. “Jalə” də köklü brenddir.

Belə iki tanınmış brend və qrupu bir-biri ilə əməkdaşlıq edəcək. Ümid edirəm ki, “Qəbələ” ilə birlikdə nəinki Azərbaycanın, Avropanın da yaşıl meydanlarını fəth edəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti