AFFA "Qəbələ"ni yaşatmaq istəmirdi, "yemək" istəyirdi

20 Dekabr 2019 09:28 Qəbələ 1 238
AFFA "Qəbələ"ni yaşatmaq istəmirdi, "yemək" istəyirdi

«Qəbələ» ilə AFFA-nın işbirliyi tutmadı. Əaylət klubu yenə də müstəqil fəaliyyət göstərəcək.

Bu, minimum gələn ilin mövsümün axırınadək belə olacaq. Çünki «Jale» şirkəti ilə bağlanan sponsorluq müqaviləsinin müddəti 1,5 illikdi. Və bu da o deməkdir ki, AFFA-nın «qırmızı-qaralar»ıla bağlı bütün planları suya düşdü.

Yanvarın 8-də AFFA-nın növbədənkənar konfransı və İcraiyyə Komitəsinin iclası keçiriləcək. Federasiya düşünürdü ki, «Gilan Holdinq» gələn ayın 1-də himayədarlıqdan əlini çəkəcək və klub havadan asılı vəziyyətdə qalacaq. Hər şeyi bunun üzərində qurmuşdular:

«Gilan» gedirsə, meydan boşalır, köməksiz qalan «Qəbələ» heç bir şərt irəli sürmədən təslim olur və bütün infrastrukturu ilə bərabər AFFA-nın nəzarətinə keçir.

Dünən nə yazmışdıq? Bildirmişdik ki, maliyyə problemləri ilə üzləşən "Qəbələ" ilə AFFA arasında növbəti dəfə fikir ayrılığı yaranıb. Bu, federasiyanın gələn ilin yanvarında kluba maddi dəstək vermək istəməsiylə əlaqədardır.

AFFA İcraiyyə Komitəsinin son iclasında müzakirəyə çıxarılan məsələlərdən biri də "Qəbələ"nin taleyi olub. Qurum bununla bağlı qərarını açıqlayıb.

Qərara alınıb ki, “Qəbələ”nin sponsorları klubu maliyyələşdirməkdən imtina edəcəyi təqdirdə, lisenziyalaşdırma qaydalarına uyğun olaraq klubun təqdim etdiyi bank zəmanəti aktivləşdirilsin və məsələ İcraiyyə Komitəsinin növbəti iclasında müzakirəyə çıxarılsın.

AFFA Premyer Liqa təmsilçiləri üçün bank zəmanəti olaraq 500 min manat müəyyənləşdirib. "Qəbələ"yə həmin zəmanəti "AF Bank" verib. "Gilan Holdinq"in tapşırığı ilə.

Adıçəkilən şirkətin yanvarın 1-dən etibarən kluba sponsorluqdan rəsmən imtina etməsi gözlənilir. Mövsümün əvvəlində ayrılan 1,2 milyon manatlıq büdcə xərclənib qutarmaq üzrə olduğundan, "Qəbələ" istəyir ki, AFFA onlara əlavə "yardim paketi" ayırsın.

Federasiya öncə buna razılıq versə də, bugünlərdə fikrini dəyişib. AFFA indi belə qərara gəlib ki, əyalət təmsilçisi sezonu həmin 500 min manatla başa vura bilər.

Təbii ki, bu da qarşı tərəfdə haqlı narahatlıq yaradıb. "Qırımızı-qaralar" AFFA-nın pul ödəmədən öz adamını - Elxan Səmədovu klubun rəhbərliyinə gətirmək planına qarşı çıxıb.

Bu gün «Qəbələ»nin prezidenti Fariz Nəcəfovun açıqladığı faktlar dünən yaydığımız xəbərin təsdiqi oldu. AFFA fikirləşirdi ki, Tale Heydərov klubu tamamilə təhvil verəcək, əvəzində şərt irəli sürməyəcək. Lakin istər AFFA-nın, istərsə də onları təmsil edən şəxsin - Elxan Səmədovun münasibəti heç xoşagələn olmadı.

Səmədov işə başlamadan, əlini ağdan-qaraya vurmadan elə «hucum kampaniyası» təşkil elədi ki, artıq buna dözmək çətin idi. Çünki o, ortalığa 1 qəpik qoymamış birbaşa əmr verməyə, klubda çalışan müxtəlif şəxsləri suçlamağa girişdi.

Tale Heydərov 10 ildən artıq müddətdə prezident oldu, heç kimi əsassız yerə işdən uzaqlaşdırmadı, üstünə camur atmadı, fəaliyyətindən narazı olduğu şəxslərə səsini qaldırmadı. Bir sözlə, bu illər ərzində daim yüksək mədəniyyəti və səbrli davranışı ilə yaddaşlarda iz buraxdı.

Fəqət Elxan Səmədov gələr-gəlməz hamını bir-birinə vurmağa çalışdı və məqsədi bu idi ki, əziyyəti olanlardan kimsə «Qəbələ»də qalmasın, sonra da öz kadrlarını burada yerləşdirsin.

Belə olsaydı, AFFA Səmədov vasitəsilə ən yaxşı halda gələn ilin yayında kluba büdcə ayıracaqdı. Təxminən 5 milyon manat civarında. Həmin vəsaitin yarısını SOCAR ayıracaqdı, yerdə qalan hissəsi isə Səmədova yaxın şirkətlərdən toplanacaqdı.

Bunun üçün Heydərovlar Qəbələdə qurduqları infrastrukturu qara qəpik almadan qarşı tərəfə verməli idi. «Gilan»ın sahibi düzgün olaraq bu cür aşağılayıcı anlaşmaya qol çəkmədi. Axı nə üçün şərt belə olmalıydı?

AFFA-nın marağı həqiqətən «Qəbələ»ni xilas etməkdən ibarət idisə, bazanın və stadionların «Gilan»ın balansında qalması onları niyə narahat etsin ki? O infrastruktur köklü şəkildə qurulub, oyun-oyuncaq deyil ki, «Gilan» sabah söküb özüylə harasa aparsın, yaxud profili dəyişsin.

Burda məram tam başqa idi. AFFA heç bir halda işinin üstündə əl və ya göz olmasını istəmir. «Səbail»də, «Sumqayıt»da, «Neftçi»də, «Keşlə»də olduğu kimi. Federasiyanın çətiri altına sığınan bu klublara milyonlar axıdılır. Pulu da özləri ayırır, nəzarəti də özləri edir.

«Qəbələ»də bu cür olmayacaqdı. Beş manat xərcləyib, sənəd-sünəddə 115 manat göstərə bilməyəcəkdilər, «Gilan» etiraz səsini qaldıracaqdı,

AFFA artıq bir dəfə bu acı təcrübəni Gəncədə yaşayıb. «Kəpəz»lə bağlı 2017-ci ilin oktyabr-noyabr aylarında baş verən məlum qalmaqalı yadınıza salın. Yerli İcra Hakimiyyəi tərəfindən kluba təhkim olunmuş şəxslər federasiya tərəfindən təyin edilən nümayəndələrin nə kaimi maxinasiyalar törətdiyini mətbuata açıqladı,

AFFA ifşa olunmuş adamlarını vəzifədən uzaqlaşdırmaq məcburiyyətində qaldı. Həmin vaxt Elxan Məmmədovun başı çox ağrıdı, di gəl, baş katib onun gizli tapşırıqlarını yerinə yetirən şəxsləri qurban verib, özü yenə sudan quru çıxdı.

«Qəbələ»də bunu etmək daha ciddi risk idi, odur ki, hazırkı heyətdən 1 nəfərin də orada qalmasının tərəfdarı deyildilər. «Gilan Holdinq» qarşı tərəfin məkrini anladı və maliyyə itkisi bahasına da olsa, klubu ayağa vermədi. «Acgöz əjdahalar»dan qorudu.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"